"Adətən, istirahətdən sonra məşqlər çətin olur. Biz də belə halla üzləşdik. Çoxlu çalışmalı, uzunmüddətli istirahətdən sonra yaxşı nəticəyə nail olmaq üçün daha yaxşı hazırlaşmalıyıq".
Aktual.az "Report"a istinadən bildirir ki, bunu Moldova millisinin futbolçusu Aleksandr Dedov yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycan milliləri ilə keçirəcəkləri yoldaşlıq görüşlərinə hazırlıq prosesini dəyərləndirərkən deyib.
Hazırda "Milsami" klubunda çıxış edən 29 yaşlı hücumçu yeni baş məşqçi Aleksandr Spiridon barədə çox yaxşı təəssüratlarının formalaşdığını bildirib:
"Təcrübəli olduğu göz qabağındadır. Ümidvaram ki, onun dediklərindən və etdiklərindən ən yaxşılarını özümüzə götürəcəyik və bunlar bizim xeyrimizə olacaq".
Dedov Cənubi Koreya və Azərbaycan milliləri barədə fikirlərini də bölüşüb:
"Cənubi Koreya barədə bildiklərim azdır. Azərbaycanla isə artıq oynamışıq. Təxminən bizimlə bərabər səviyyədə olan yaxşı komandadır. Biz bu rəqiblə bərabər səviyyədə oynamalıyıq. Niyə də müsbət nəticə göstərməyək?!"
Əvvəlki 9 matçda Moldovanın 3 qələbəsinə Azərbaycan millisi 2 qalibiyyətlə cavab verib. 4 görüşdə isə qalib müəyyənləşməyib. Bu komandalar arasındakı son oyun 2015-ci il noyabrın 17-də Bakı Olimpiya Stadionunda təşkil olunub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Həmin görüşdə Aleksandr Dedov sonadək meydanda olub və 75-ci dəqiqədə sarı vərəqə ilə yadda qalıb.
Xəbər 640 dəfə oxunub.