Azərbaycan xalqı şəhidlərin parlaq xatirəsini ehtiramla yad edir - FOTO

Azərbaycan xalqı şəhidlərin parlaq xatirəsini ehtiramla yad edir   - FOTO

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, hər il yanvarın 20-də olduğu kimi, bu gün də Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Səhər tezdən xiyabana axışan paytaxt sakinləri, əmək kollektivləri şəhid məzarları önünə tər qərənfillər düzür, 20 Yanvar faciəsində həlak olan qəhrəman Vətən övladlarının parlaq xatirəsini böyük ehtiramla yad edirlər. Onların arasında hər yaşda olan insanlar - yaşlılar, gənclər, uşaqlar var.

1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz öz qanları ilə Azərbaycanın yeni tarixini yazdılar. Xalqımızın azadlığa gedən yolunda ilk cığırlar açdılar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə onlara borcluyuq.

Bu sözləri Yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən hər kəsin dilindən eşitmək olar.

XX əsrin ən qanlı hadisələrindən biri olan bu dəhşətli faciədən 26 il ötür. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Keçmiş SSRİ rəhbərlərinin göstərişi ilə Azərbaycana yeridilən ordu hissələri paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 147 nəfər mülki şəxsi amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 nəfər günahsız insan yaralandı, 841 nəfər qanunsuz həbs edildi. İnsanlıq simasını itirmiş hərbi canilər hətta təcili tibbi yardım maşınlarını atəşə tutur, heç kəsə aman vermirdilər.

Döyüş meydanını xatırladan Bakıda ölçüyəgəlməz dağıntılar törədildi, televiziyanın enerji bloku partladıldı, inzibati və yaşayış binalarına, nəqliyyat vasitələrinə ciddi ziyan vuruldu.

Qanlı Yanvar faciəsinin səhəri günü xalqımızın ümummilli lideri Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, bəyanat verərək xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi. Ulu Öndərin bu addımı o dövrdə çətin günlər yaşayan xalqımıza böyük dayaq və dəstək oldu.

Bir müddət sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də qanlı yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi, Azərbaycan xalqına qarşı törədilmiş bu siyasi-hərbi cinayətin cavabdehlərinin, günahkarlarının adları açıqlandı.

Ulu öndərin fərman və sərəncamları ilə Şəhidlər xiyabanı yenidən quruldu, burada möhtəşəm "Əbədi məşəl" abidə-kompleksi yaradıldı, "20 Yanvar" şəhidi fəxri adı təsis edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi yaxşılaşdırıldı.

Prezident İlham Əliyev də bu insanların qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələri üçün prezident təqaüdlərinin artırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

...Şəhidlər xiyabanına insan axınının ardı-arası kəsilmir. İnsanlar qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramın ifadəsi olaraq bu müqəddəs məkana üz tutmaqda davam edirlər.

Azərbaycan

Azərbaycan

Azərbaycan

Azərbaycan

Xəbər 744 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR