Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi bir yerdədir

Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi bir yerdədir

Bir vaxtlar münaqişə və risklərlə yadda qalan Cənubi Qafqaz bu gün inkişaf və sabitlik məkanıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə region artıq dünyanın mühüm iqtisadi mərkəzlərindən biridir. Bu coğrafiyada həyata keçirilən iri iqtisadi layihələr bölgənin tərəqqisinə ciddi təkan verib. Bu da təsadüfi deyil. Şübhəsiz ki, Azərbaycan–Gürcüstan münasibətlərinin möhkəm əsaslar üzərində qurulması və qarşılıqlı etimada söykənən qonşuluq siyasəti regionda sabitliyin və inkişafın güclənməsində mühüm rol oynayır. Azərbaycan liderinin Gürcüstana dövlət səfəri də bu strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və regionda davamlı inkişafın təmin olunmasına xidmət edirdi.
Keçirilən yüksəksəviyyəli görüşlər, ölkəmizin başçısının dərin hörmət və ehtiramla qəbul olunması həm də onunla yadda qaldı ki, bu səfər Azərbaycan–Gürcüstan münasibətlərinin strateji mahiyyətini bir daha nümayiş etdirdi. Qonşu ölkədə etiraf olunduğu kimi Gürcüstan Azərbaycanla dostluq münasibətlərini və strateji tərəfdaşlığı alqışlayır.
Əvvəlcə onu qeyd edək ki, Baş nazir İrakli Kobaxidze İlham Əliyevi Gürcüstanın dəyərli dostu adlandırması və Azərbaycan Prezidentinin səfərini ölkəsi üçün böyük şərəf hesab etməsi heç də təsadüfi deyildi. Çünki regionun inkişafında və iqtisadi tərəqqidə ölkəmizin başçısının əvəzolunmaz xidmətləri vardır. Cənab Baş nazir bu mesajla bir daha göstərmiş oldu ki, harda Azərbaycan varsa, orada tərəfdaşlıq, dostluq və əməkdaşlıq mövcuddur. 
İkincisi, Cənubi Qafqaz artıq sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilib. Bölgədə uzun müddətdir davam edən münaqişələr aradan qalxmış, dünyada mövcud olan müharibələr və hibrid təhdidlər fonunda isə regionda tam təhlükəsiz həyat təmin olunmuşdur. Bu arzulanan vəziyyətin yaranmasında ölkəmizin xidmətləri danılmazdır. Bütün bunlar ölkəmizin bölgədə sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə verdiyi əhəmiyyətli töhfələrin bariz nümunəsidir.
Üçüncüsü, müstəqillik illərindən bu günə qədər Azərbaycan və Gürcüstan arasında əlaqələr normal və sağlam əməkdaşlıq prinsipləri üzərində qurulub. Ölkələrimizin iqtisadi və mədəni əlaqələri qürurvericidir. Amma hər şeydən əvvəl Gürcüstan bizim üçün mehriban qonşu, dost və etibarlı tərəfdaşdır. Bu strateji tərəfdaşlıq regionun sabitliyi və inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi bir yerdədir. 
Dördüncüsü, Prezident vurğuladı ki, Azərbaycan uzun illər ərzində bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atıb. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur,  ixrac hələ də əsasən Gürcüstan vasitəsilə həyata keçirilir. Neft və qazın dünya bazarlarına çıxarılması, həmçinin Xəzərin şərq sahillərindən gələn neft resurslarının daşınması da Azərbaycan və Gürcüstan üzərindən aparılır. Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq 20 ildir uğurla fəaliyyət göstərir, Cənub Qaz Dəhlizi isə ondan sonra icra olunmuş və region üçün strateji əhəmiyyət kəsb etmişdir. 
Bundan əlavə, bu enerji dəhlizləri üzərindən nəqliyyat dəhlizləri də yaradılıb və onların. genişləndirilməsi davam etdirilir. Orta Nəqliyyat Dəhlizi Azərbaycan və Gürcüstan üzərindən keçir və əsas nəqliyyat damarı kimi genişləndiriləcəkdir.
Nəhayət, Cənubi Qafqazın yeni arxitekturasında bu gün əmin-amanlıq, inkişaf və sülh görünür ki, bu, region tarixinin mühüm mərhələsini əks etdirir. Şübhəsiz ki, bu uğurların əldə olunmasında Azərbaycan liderinin rolu böyükdür. Prezident İlham Əliyevin Gürcüstan səfəri isə bütövlükdə regionun gələcək perspektivlərini daha da möhkəmləndirdi.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR