Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunlarından sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.
Aktual.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, baş tutan 24 qarşılaşma cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.
Bu, Azərbaycandan da yan ötməyib. Hər iki təmsilçimiz – "Qarabağ”la "Qəbələ”nin uduzması mövqeyimizə mənfi təsir edib.
"Qarabağ”ın evdə "Fiorentina”ya 1:2, "Qəbələ”nin səfərdə "Maynts”a 0:2 hesabı ilə uduzması nəticəsində xal hesabımız dəyişməyib.
Ölkəmiz özü üçün artıq başa çatan mövsümdə 4,250 xal qazanıb. Bunun ən böyük hissəsi "Qarabağ”ın payına düşür - 2,125. "Qəbələ” isə hesabımıza 1,375 xal gətirib. Bu iki komanda ilə müqayisədə daha tez mübarizəni dayandıran "Neftçi” və "Kəpəz” hərəyə 0,375 xal qazanıb. Son 5 ildə isə 17,750 xal qazanan Azərbaycan 26-cı pilləyə yuvarlanıb.
Bu 1 pilləlik geriləmənin səbəbi Kiprin uğur qazanmasıdı. APOEL-in qələbəsi ada təmsilçisini Azərbaycanı keçməsi ilə nəticələnib. Artıq 26-cı olan ölkəmiz ən yaxın izləyicisi Bolqarıstanı 2,125 xal qabaqlayır. Özümüz isə Kiprdən 0,300 xal geri qalırıq.
Bundan başqa, Avstriya Xorvatiyanı, İsrail isə Şotlandiyanı arxada qoyub.
Qrup mərhələsindən sonra yalnız 19 ölkə təmsilçiləri mübarizəni davam etdirir. 35 ölkə isə avrokubokları mövsümün ilk yarısında başa vurub.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 98,284. Almaniya (76,498) ikinci, İngiltərə (72,391) üçüncü pillədə yer alıb.
Aktual.az
Xəbər 706 dəfə oxunub.