Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Lüksemburqda keçirilən Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclasında iştirak edərək "Şərq Tərəfdaşlığı" ölkələri üçün vizaların aradan qaldırılması ideyasını təklif edib.
"Report" "BaltNews.lv" portalına istinadən xəbər verir ki, mayın 23-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl E.Rinkeviç Gürcüstan və Ukrayna ilə viza rejimini mümkün qədər qısa müddətdə ləğv etməyin, Azərbaycanla isə viza məsələsində dialoq qurmağın zəruriliyini bildirib.
Nazir Aİ-Gürcüstan, Aİ-Moldova və Aİ-Ukrayna assosiasiyalarının yaradılması barədə razılığın əldə olunması üçün Aİ tərəfdən dəstək göstərilməsinin çox vacib olduğunu vurğulayıb.
Xarici işlər naziri Aİ və onun "Şərq Tərəfdaşlığı" regionundakı tərəfdaşlarının birgə layihələrinin, xüsusilə nəqliyyat və enerji sahələrində, həyata keçirilməsini dəstəklədiyini sözlərinə əlavə edib.