Azərbaycanın "SilkWay" aviaşirkətinə məxsus AN-12 təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində yaralanan iki Ukrayna vətəndaşının vəziyyəti stabilləşib.
Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin konsulluq xidməti departamenti məlumat yayıb.
Hazırda onlar Qəndəhar vilayətindəki hərbi hospitaldadırlar. Hazırda həmin iki şəxsin və hadisə zamanı həlak olmuş bir Ukrayna vətəndaşının ölkəsinə aparılması ilə bağlı məsələlər həll edilir.
Bildirilir ki, Ukraynanın eyni zamanda Əfqanıstanda fəaliyyət göstərən Tacikistandakı səfirliyi və Ukrayna XİN-in konsulluq xidməti departamenti xəsarət alan ukraynalı pilotların ailələri ilə əlaqədədir.
Qeyd edək ki, mayın 18-də "SilkWay" şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
Təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. Hadisə zamanı sağ qalan 2 nəfər Ukrayna vətəndaşıdır.
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb. Komissiya artıq Əfqanıstandadır.