Azərbaycanın
müstəqillik tarixinin başlanğıcı birmənalı şəkildə Ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət müstəqilliyin ilk illərində ağır
siyasi və iqtisadi böhran şəraitində olan dövləti məhv olmaqdan qurtararaq
tarixi xilaskarlıq missiyasını yerinə yetirdi. 1993-cü ildən sonra 10 illik
hakimiyyəti dövründə Azərbaycan Respublikası tənəzzüldən təşəkkülə, böhrandan
inkişafa doğru çətin və şərəfli bir yol keçdi. Bu yolun lideri kimi Ulu öndər
müasir dünya siyasi tarixinə uğurlu dövlət quruculuğu ənənəsini yazdı. Xalqını
və dövlətini canından artıq sevən Ümummilli lider başladığı tarixi
missiyanı, şərəfli yolu özündən sonra da davam etdirmək üçün xalqa istinad
ünvanı göstərdi və müdrik xalqımız 2003-cü ilin 15 oktyabrında dahi rəhbərin
siyasi kursuna sədaqət nümunəsi göstərərək cənab İlham Əliyevi Azərbaycan
Respublikasının Prezidenti seçdi. Birmənalı şəkildə qeyd etmək lazımdır ki,
həmin gündən etibarən geridə qalan möhtəşəm 20 ilini Azərbaycan dövlətçilik
tarixinin inkişaf və tərəqqi, xalqın şərəf və qürur dövrü adlandırmaq olar.
Prezident
kimi İlham Əliyev ilk gündən xalqa verdiyi "Mən hər bir Azərbaycanlının
prezidenti olacam” vədini hər bir addımda doğrultmağı və ümumxalq sevgisini
qazanmağı bacardı. Ötən müddət ərzində vətəndaşların sosial rifah halının
yaxşılaşdırılmasına daim önəm verildi, bu istiqanətdə reallaşdırılan layihələr
öz əhatə dairəsinə və imkanlarına görə əhali tərəfindən rəğbətlə qarşılandı.
Eyni zamanda, ölkə iqtisadiyyatının, regionların sosial-iqtisadi inkişafı
dövlət başçısının hər zaman diqqət mərkəzində oldu. Qeyri-neft sektorunun
tərəqqisindən tutmuş social-iqtisadi layihələrin həyata keçirilməsinə qədər
müxtəlif istiqamətlərdə Prezidentin birbaşa rəhbərliyi ilə həyata keçirilən
kompleks tədbirlər rəğbətlə qarşılandı.
Son
20 ildə bütün bu proseslərlə yanaşı, Azərbaycanın beynəlxalq iqtisadi
əlaqələrinin genişləndirilməsi də xüsusi diqqət mərkəzində saxlanıldı. Bunun
nəticəsi olaraq Azərbaycan beynəlxalq arenada yüksək mövqe qazanaraq qlobal
layihələrin müəllifi kimi nüfuz qazandı. Dünyanın şəxsiyyətinə heyranlıqla
baxdığı Prezident İlham Əliyev Azərbaycanı qlobal arenada söz sahibi etdi.
Dövlətimizin
başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günlərindən etibarən
respublikamızda ordu quruculuğu diqqət mərkəzində saxlanıldı. Silahlı
Qüvvələrimizin hüquqi bazası təkmilləşdirildi. Ordumuzun müasir silah-sursat və
hərbi texnika ilə təminatı davamlı olaraq gücləndirildi, hərbi xərclər ildən-ilə
artırıldı.
Azərbaycan
Silahlı Qüvvələrinin NATO üzvü və tərəfdaş dövlətlərin, həmçinin, Müstəqil
Dövlətlər Birliyi və bəzi Şərq dövlətlərinin silahlı qüvvələri ilə əməkdaşlığı
getdikcə genişləndirildi. Bütün bunların nəticəsində ordumuzun inkişafı və təkmilləşdirilməsi
istiqamətində yeni keyfiyyət göstəriciləri əldə edildi, müdafiə sistemi
təkmilləşdirildi, qoşunların döyüş qabiliyyəti yüksək səviyyəyə çatdırıldı.
Həyata keçirilən bu tədbirlər isə Azərbaycanın Vətən müharibəsindəki tarixi
Zəfərini şərtləndirdi.
Prezident
İlham Əliyev ölkəmizi nəinki iqtisadi baxımdan inkişaf etdirərək regionun lider
dövləti statusuna sahibləndirdi, eyni zamanda, 200 illik tariximizdə
Azərbaycana qarşı davam etdirilən işğal sindromuna son qoydu, ölkəmizin ərazi
bütövlüyünü gerçəkləşdirərək, ümumxalq qəhrəmanına çevrildi.
Dünənin
və bu günün reallığı onu təsdiq edir ki, cənab İlham Əliyevin Prezident və Ali
Baş Komandan kimi rəhbərliyi ilə əldə olunan möhtəşəm nəticələr Azərbaycan
tarixinə qızıl hərflərlə yazılan şanlı səhifələrdir! Aprel döyüşləri, 44 günlük
şərəfli Vətən müharibəsi və ən əsası isə ölkəmizin ərazi bütövlüyünün tam təmin
olunması ilə yekunlaşan Qarabağda lokal antiterror tədbirləri Ali Baş Komandan
İlham Əliyevin qətiyyəti və xarizmatik keyfiyyətləri ilə Azərbaycanın parlaq
qələbəsi ilə nəticələndi.
Ölkə
başçısı tərəfindən Xankəndidə Azərbaycan bayrağının qaldırılması hər birimizi
duyğulandırdı, bir daha lideri İlham Əliyev olan ölkəmizin vətəndaşı kimi
xoşbəxt anlar yaşanıldı. Bu tarixi anlar, ömür-günümüzə pozulmaz iz salan bu
bəxtəvərlik heç vaxt əyilməz bir xalq olaraq yaddaşımızdan silinməyəcək.
Tarix
bir daha sübut etdi ki, 2003-cü ilin oktyabrında seçki məntəqələrinə tələsərək
öz əziz övladına səs verən xalqımız yanılmayıb. Yanılanlar bu ölkəyə düşmən
mövqe göstərənlər, qazanan isə sevgi ünvanımız Azərbaycan oldu!
Tahirə
Əsgərova,
Binəqədi
Rayon Qeydiyyat şöbəsinin rəisi Xəbər 312 dəfə oxunub.