Azərbaycan öz sülh gündəminə sadiqdir, ölkəmiz beynəlxalq norma və prinsiplər nəzərə alınmaqla milli maraqlara əsaslanan siyasətini davam etdirir.
Aktual.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
XİN rəhbəri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqlardan bəhs edərək Vaşinqtonda aparılan danışıqlarda bəzi praktiki müsbət nəticələrin əldə olunduğunu qeyd edib:
"Burada razılaşdırılmış maddələrin sayı artıb”.
"Bu ilin mayında Vaşinqtonda beynəlxalq vasitəçilərin birbaşa iştirakı ilə görüş keçirilib. İki ölkənin müvafiq nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Daha sonra bu proses ölkələrin liderləri səviyyəsində davam etdirilib, may ayı ərzində bir sıra görüşlər keçirilib. Moskvada da Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə danışıqlar da aparılıb. Yaxın vaxtlarda Vaşinqtonda növbəti görüşün keçirilməsi nəzərdə tutulub. Bilirsiniz ki, sülh sazişi üzrə danışıqlara başlanılmasının təşəbbüskarı Azərbaycandır. Baza prinsiplərini də məhz Azərbaycan elan edib və ilk sülh layihəsi də Azərbaycan tərəfindən təqdim olunub. Biz beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülhün əldə olunmasının qaçılmaz olduğunu hesab edirik. Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşdırılması haqqında saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər zaman çəkəcəyini proqnozlaşdırmaq çətindir”, - o vurğulayıb.
Xəbər 243 dəfə oxunub.