“Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm strateji tərəfdaşıdır”.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir. Xəbərdə tərəflər arasında münasibətlərin mehriban qonşuluq, qarşılıqlı faydalı və çoxşaxəli xarakter daşıması diqqətə çatıdırlıb:
“Sıx hökumətlərarası və idarələrarası əlaqələr dəstəklənir, iki ölkənin parlamentləri intensiv qarşılıqlı fəaliyyət göstərir, Rusiya-Azərbaycan ticari-iqtisadi münasibətləri dinamik inkişaf edir. 2014-cü ildə ikitərəfli əmtəə dövriyyəsinin həcmi artaraq rekord səviyyəyə - 4 milyard dollara çatıb. Bu da 2013-cü illə müqayisədə 12 faiz çoxdur. 2015-ci ilin birinci rübündə qarşılıqlı ticarət 707 milyon dollar (artım 5,8 faiz) təşkil edib”.
Məlumatda deyilir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-13-də Azərbaycan Respublikasına səfər edəcək. Yarışlarda Rusiyanın 360 idmançısı, o cümlədən 7 Olimpiya çempionu və 34 dünya çempionu iştirak edəcək.
Aktual.az