Aktual.az-ın məlumatına görə,Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə iyunun 18-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə iyulun 18-nə təsadüf edir.
Bu gün Azərbaycanda bayram namazı qılınacaq.
Namazın vaxtı “Təzəpir” məscidində səhər saat 10.00, Əjdərbəy məscidində isə saat 9.00-da müəyyən olunub.
Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxmalıdır. Fitrə bayram namazına qədər çıxarılmalıdır, onun miqdarı üç kilo xurmanın və ya buğdanın bazar qiyməti ilə ekvivalent təşkil edir. Fitrə payının imkansız insanlara, əlillərə, kimsəsizlərə verilməsi məqbul sayılır.
Bu il üçün fitrənin miqdarı 5-10 manat miqdarında müəyyənləşdirilib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə xalqı təbrik ediblər.