"Formula 1" müxtəlif şirkətlərə 500 minlik auditoriyaya çıxış imkanı verir".
"Report" xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları - 2019" adlı konfransda deyib.
Onun sözlərinə görə, 2018-ci il Azərbaycan Qran Prisində 94 min azarkeş olub. Yarış 165 telekanal vasitəsi ilə dünyanın 120 ölkəsində yayımlanıb. A.Rəhimov yarışa sponsorluğun da mümkünlüyünü dilə gətirib: "Baş sponsor olacaq şirkətin brendi yol kənarlarındakı beton sədlərdə əksini tapacaq. Şirkətinizin adı "Formula 1" Azərbaycan Qran Prisi sözünün yanında olacaq. Bu, baş sponsora verilən imtiyazdır. Ötən il Bakıda 94 min azarkeş olub. Bu yeni müştəri qazanmaq və onları əldə saxlamaq imkanı deməkdir. Ötən il "Crystal Hall"da təşkil olunmuş konsert proqramlarına 30 min nəfər qatılıb. Şirkətlər bu tədbirlərə də sponsorluq edə bilərlər. "Formula" vasitəsi ilə yerli brendlərin tanınması üçün böyük imkanlar var".
O, bildirib ki, BŞH "Formula 1" ilə müqavilənin müddətinin uzadılmasından məmnundur.
Qeyd edək ki, bu gün BŞH ilə "Formula 1" Şirkətlər Qrupu arasında 2023-cü ilə qədər yeni müqavilə imzalanıb.
Xəbər 432 dəfə oxunub.