Azərbaycan tərəfi Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” ilə görüşəcək “Borussiya” (Dortmund) futbol komandasının bütün üzvlərinin təhlükəsizliyini təmin etməyə hazırdır.
Aktual.az İnterfax.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.
“Bu məsələ beynəlxalq yarışlarda qaldırılan zaman Azərbaycan dəfələrlə bizim təhlükəsizliyin təminatı məsələsinə ciddi yanaşdığımızı nümayiş etdirib. Əgər hansısa komanda bu və ya digər səbəbə görə hansısa idmançını gətirmirsə, bunun bizə aidiyyatı yoxdur”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Olimpiya Komitəsi və digər beynəlxalq idman federasiyaları və təşkilatları ilə yarışlarda idmançıların təhlükəsizliyinin təmin edilməsinə dair memorandumlar imzalayıb.
“Məlum olduğu kimi Azərbaycanda ilk dəfə güləş üzrə çempionat keçirilərkən, Bakıya Ermənistan yığması gəlmişdi. Biz Beynəlxalq Olimpiya Komitəsi ilə müştərək memorandum imzaladıq, yəni bizim dövlətimiz tərəfindən təhlükəsizliyə tam zəmanət verdik”, - A.Rəhimov deyib.
O həmçinin qeyd edib ki, Ermənistanda cüdo üzrə beynəlxalq yarışlar keçirilən zaman İrəvana gedib.
“Yəni idman sahəsində ikitərəfli təhlükəsizliyin təminat formatı həll edilib”, - nazir qeyd edib.
Bu ərəfədə Dortmund “Borussiya”sının icraçı direktoru Hans-Yoahim Vatskenin adından alman klubunun və Ermənistan yığmasının oyunçusu Henrix Mxitaryanın Azərbaycana Avropa Liqasının qrup mərhələsinin “Qəbələ”yə qarşı matçında şəxsi təhlükəsizlik baxımından oynamayacağı barədə informasiya yayılıb.
Qeyd edək ki, “Qəbələ”-“Borussiya” matçı oktyabrın 22-də Bakıda baş tutacaq.