Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın Azərbaycan muğam sənətinə xüsusi diqqət göstərməsi milli muğam sənətinin inkişafına mühüm töhfələr verib.
Ölkədə xüsusilə də son on ildə Azərbaycanda muğam sənəti daha ciddi qayğı ilə əhatələnib, muğam ifaçıları, ustad xanəndələr dövlətdən ciddi dəstək alırlar. Bütün bu addımların davamı olaraq, ATV muğamsevərlərə onun nəzəri cəhətlərini də ehtiva edən layihə təqdim edib. Milli musiqinin təbliğini qarşıya məqsəd qoyan bu layihə silsilə şəkldə davam etdiriləcək.
Aktua.az-ın Trend-ə istinadən məlumatına görə, muğamsevərlərin rəğbətini qazanan yeni layihə, həm ifaçılıq ənənələrinin qorunub saxlanılması, həm də bərpa məsələlərində böyük əhəmiyyət kəsb edəcək.
Milli-mənəvi dəyərlərin, Azərbaycanın zəngin mədəniyyətinin carçısına çevrilən ATV kanalı, dünya mədəni irsinin siyahısında yer alan qədim və əsrarəngiz muğamın təbliği ilə bağlı daha bir mühüm missiyanı öz üzərinə götürüb. Layihə çərçivəsində əsrarəngiz muğam onu yaşadan sənətkarların ifasında lentə alınaraq, yeni formada izləyicilərə təqdim edilir. Milli ornamentlərlə bəzədilmiş xüsusi dekorasiyada, hər muğamın öz ahənginə uyğun xüsusi işıqlandırılan səhnədə ifaçıların təqdim etdikləri muğamların məqamı yetişdikcə hər şöbəsinin adı qeyd olunur. Bu layihənin əsas məqsədi Azərbaycanda muğam sənətinin inkişafı, yeniyetmə və gənclərin bu sahəyə kütləvi maraq göstərməsinə müsbət təsir göstərməklə yanaşı, muğamsevərlərə onun nəzəri cəhətlərini də bilavasitə aşılamaqdır.
Layihənin musiqi redaktoru, şair Vüqar Əhməd hesab edir ki, bu layihə çərçivəsində Azərbaycan muğamlarının lentə alınmasının əhəmiyyəti olduqca böyükdür. Muğamların müxtəlif ifaçılıq versiyalarında lentə alınıb, yayımlanması muğam sənətkarlarının ifaçılıq ənənələrinin qorunub saxlanılması və bərpası deməkdir. Eyni zamanda, lent yazıları muğamların tarixi cəhətdən öyrənilməsində və Azərbaycanın şifahi ənənəyə əsaslanan professional musiqisinin tədqiqində böyük əhəmiyyətə malikdir.