Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Peter Zayzanbaher pedofiliyada ittiham olunur.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, 3 ildir davam edən istintaqın təfərrüatı üzə çıxıb.
Vyana prokurorluğundan mətbuata sızan məlumata əsasən, avstraliyalı ikiqat Olimpiya çempionu həddi-buluğa çatmayan bir neçə qızla seksual xarakterli davranışına görə ittiham olunur. 56 yaşlı mütəxəssisin qurbanlarından birinin şikayəti ilə başlayan istintaqda Zayzanbaher 2 qızı zorlamaqda günahlandırılır. O, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində Vyana idman klublarının birində çalışdığı vaxt bu cinayəti törədib. Prokurorluğun araşdırmasına görə qurbanlarından biri 3 il ərzində qəddarcasına münasibətlə üzləşib.
Zayzanbaher daha bir - üçüncü qızı zorlamağa cəhddə də şübhəli bilinir.
Olimpiya çempionunun vəkili Bernhard Lehofer bildirib ki, onun müştərisi irəli sürülən ittihamlardan xəbərdardır. Lakin mütəxəssis şərh etməkdən boyun qaçırır.
Qeyd edək ki, idmançı karyerasında 86 kq çəki dərəcəsində çıxış edən Zayzanbaher Los-Anceles-1984 və Seul-1988-də qızıl medala yiyələnib. Cüdo tarixinə ilk ikiqat Olimpiya çempionu olan mütəxəssis 2010-2012-ci illərdə Gürcüstan millisinin baş məşqçisi olub. 2012-2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edən Peter 2015-ci ildə yenidən bu posta qayıdıb.