Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi keçirilir.
Aktual.az Report-a istinadən xəbər verir ki, akademiyanın əsas binasında keçirilən yubiley tədbirində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.
Tədbirə dövlət və hökumət rəsmiləri, akademiklər, ictimai-siyasi xadimlər, universitet rektorları, AMEA-nın əməkdaşları qatılıblar.
Xatırladaq ki, SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə Azərbaycan Elmlər Akademiyası yaradılıb. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi tədqiqat institutu, elmi tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi.
Həmin il Azərbaycan Elmlər Akademiyasına 15 həqiqi üzv seçildi.
1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov EA-nın prezidenti seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013) akademiyanın prezidenti olublar.
2013-cü ildən AMEA-nın prezidenti Akif Əlizadədir.
Hazırda AMEA-da 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 67 həqiqi üzvü və 115 müxbir üzvü var.
Aktual.az