Fidan Həsənova istedadlı rəssamdır. Müxtəlif sərgilərdə iştirak edib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil alır. Bu yaxınlarda Amerikaya daha bir sərgiyə dəvət alıb. Okeanın o tayında əsərlərini nümayiş etdirəcək. Xeyirli olsun! İnanırıq ki, bu sərgidən də uğurla qayıdacaq.
Amma təəssüf ki, gənc ana olsa da, bu qədər uğurlara imza atan Fidan Həsənova Azərbaycan məhkəmələrində pozulmuş hüquqlarını müdafiə edə bilmir. Təəccüblənməyin. İki ildən artıq çəkən məhkəmə çəkişmələrində Fidan xanımın hüquqları hər addımda pozulub. Bir vaxtlar "Face Studio” gözəllik salonlarının, o cümlədən bir sıra iri ticarət obyektlərinin sahibi Rüfət Bədirovla ailə həyatı qurub, sonralar aldadılaraq "barış müqaviləsi” imzalayan Fidan Həsənova döymədiyi qapı, müraciət etmədiyi ünvan qalmayıb. Hansı məhkəməyə üz tutubsa azyaşlı övladının ona yox, ataya verilməsi barədə qərar çıxarılıb.
Əvvəlcə Xətai Rayon Məhkəməsində hakim Pərviz Zamanlının sədrliyi ilə bu işə baxılıb. Uşağın ataya verlməsi ilə bağlı qərar çıxarılıb. Sonra zərərçəkən Apellyasiya məhkəməsinə müraciət edib.
Hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən Apellyasiya Məhkəməsi Xətai rayonunda çıxarılan bu qərarı qüvvədə saxlayıb. Bu dəfə Fidan xanım qanunsuz hesab etdiyi qərardan Ali Məhkəməyə müraciət etməli olub. Maraqlıdır ki, Ali Məhkəmə də uşağın ataya – Rüfət Bədirova verilməsi barədə qərar çıxarıb.
Çox maraqlıdır. Burada hansısa gizli bir əlin olmasını dəqiq deyə bilmərik. Amma onu deyə bilərik ki, anada heç bir problemin olmadığı halda uşağın ataya verilməsi hansı ədalətə, hansı qanuna söykənir?
Fidan xanım Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib. Müraciət bu sözlərlə başlayır: "Hörmətli Mehriban xanım! Bu müraciəti Sizə bir ərizə formasında təqdim etsəm də, onun mahiyyəti ana qəlbindən gələn bir səsin, bir ümidin və bir inamın ifadəsidir. Sizin uzun illərdir ki, Azərbaycan cəmiyyətində humanizm, mərhəmət, sosial ədalət, ailə və uşaq dəyərlərinin qorunması istiqamətində gördüyünüz misilsiz işlər bir ana kimi mənə cəsarət verərək sözlərimi məhz Sizə ünvanlamağıma səbəb olmuşdur”.
Məktubu həyəcansız oxumaq olmur. Fidan xanım ana ürəyindən süzülüb gələn yanğını kağıza köçürüb.
Yaxın günlərdə Ali Məhkəmədə bu məsələyə yenidən baxılacaq. Biz inanırıq ki, bu dəfə anaya qarşı edilən bu haqsızlığa son qoyulacaq, ananın hüququ bərpa olunacaqdır.
Sonunu gözləyək...
İ.Gəncəli
Xəbər 65 dəfə oxunub.