Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşulur.
Aktual.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
"Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulmaq barədə" qanun layihəsi kosmik gəminin şəxsi heyətinin qəzaya uğraması, təcili və gözlənilmədən eniş etmə barədə məlumat alan tərəfin vəzifələrini müəyyən edir bu sahədə yarana biləcək münasibətlərin effektiv qaydada tənzimlənməsini nəzərdə tutur. Sazişdə kosmonavtlara mümkün olan bütün yardımların göstərilməsini, onların dərhal təhlükəsiz geri qaytarılmasını və s. məsələləri tənzimləyən bir sıra vacib müddəalar müəyyən edilib. Sazişdə qəza, fəlakət, təcili və ya gözlənilmədən eniş səbəbi ilə kosmik gəminin şəxsi heyəti üçün bütün mümkün tədbirlərin görülməsi öhdəliyi müəyyənləşir, Razılığa gələn Tərəflərin üzərinə bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin dərhal məlumatlandırılması vəzifəsi qoyulur. Sazişin digər müddəaları yuxarıda sadalanan məsələlərdən irəli gələn texniki, inzibati, xilasetmə tədbirlərinin həyata keçirilməsi qaydalarını, imzalanma və ratifikasiya üçün prosedurları, Sazişin mətninə düzəlişləri, mətnlərin autentikliyi və digər əlaqəli məsələləri tənzimləyir.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Xəbər 75 dəfə oxunub.