Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.
Aktual.az report-a istinadən bildirir ki, iclasda Z.Hüseynovun şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 15 dekabr tarixli qərarının ölkə Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Z.Hüseynovun Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 15 dekabr tarixli qərarı ölkə Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 91-ci və 96-cı maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Qərara əsasən, işə Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericilikləri ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılacaq.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.