Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz daxil olmuş İsveçrə vətəndaşı beynəlxalq axtarışa verilib
Baş Prokurorluq İsveçrə vətəndaşının beynəlxalq axtarışa verilməsi ilə bağlı xəbər yayıb.
Aktual.az Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində İsveçrə Konfederasiyasının vətəndaşı, “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesin Ermənistanın Azərbaycan Respublikasının işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi, həmin ərazilərdə qanunsuz sahibkarlıqla məşğul olması və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 192.2.2-ci (Qanunsuz sahibkarlıq) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. İttiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 11 noyabr 2015-ci il tarixdə V.Sirmakes Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
Hazırda V.Sirmakesin tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Xəbər 465 dəfə oxunub.