Azərbaycan, İran və Rusiya xarici işlər nazirləri görüşəcək

Azərbaycan, İran və Rusiya xarici işlər nazirləri görüşəcək

“Tezliklə Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu görüşdə prezidentlər İlham Əliyev və Həsən Ruhaninin Tehran görüşündəki razılaşmaların icrası məsələsi müzakirə olunacaq”.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib. Həftəlik brifinqdə çıxış edən H. C. Ənsari bildirib ki, əməkdaşlığın xüsusilə ticarət və iqtisadiyyat sahələrində gücləndirilməsinə önəm verilir. O qeyd edib ki, Azərbaycan və İran prezidentlərinin Tehrandakı razılaşmalarının icrası iki ölkənin bir-biri ilə əlaqələrinin daha da inkişafı ilə yanaşı, həm də digər qonşu ölkələrlə əlaqələrin inkişafına təkan verəcək: “Prezident İlham Əliyevin Tehrana səfərinin iki dost və qardaş ölkə arasında əməkdaşlığın inkişafına böyük təsiri olacaq”.

H. Cabiri Ənsari Azərbaycanın iranlılar üçün viza rejimini ləğv edib-etməyəcəyi barədə suala cavabında deyib ki, Azərbaycan tərəfinin hələlik belə bir fikri yoxdur: “Bu haqda yeni məlumat olarsa, elan edəcəyik”.

Suriyada atəşkəsin pozulmasına toxunan sözçü buna bəzi terrorçu qrupların yol verdiyini söyləyib: “Bu, ondan irəli gəlir ki, atəşkəsin pozulması həmin qrupların mənafeyinə uyğundur. Suriyada rolu olan ölkələrdən tələb edirik ki, necə ki, sülhlə bağlı razılığa gəliblər, əməldə də sülhün icrasına yardım etsinlər”.

H. Cabiri Ənsari İranın Suriya və İraqda hərbi iştirakına dair suala cavabında bildirib ki, İran bu iki ölkə ilə daim məsləhətləşmələr aparır və atılan addımlar həmin ölkə hökumətlərinin istəyi ilə həyata keçirilir. Onun sözlərinə görə, İranın bu ölkələrlə məsləhətləşmələri davam etdirməsi böhranın durumundan və həm onların, həm də İranın istəyindən asılıdır.

Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR