Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.
Aktual.az müsahibəni təqdim edir:
-Qüdrət bəy, İran prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsini necə qəbul etdiniz?
-Çox yaxşı. Mən həmişə deyirəm ki, İran həm də bir türk dövlətidir. Həm də biz orda hansı siyasi rejimin olmasından asılı olmayaraq qonşularımızla normal münasibətlərin saxlanması üçün öz tərəfimizdən lazım olan addımları atmalıyıq. İranın dağıdılması, dinc insanların ölümü hamımızı üzür. İran ABŞ ilə anlaşmalı, müharibəni dayandırmalıdır. Amma çox təəssüf ki, Pezeşkianın elə bir səlahiyyəti yoxdur ki, nəyisə həll etsin. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bizim torpaqlardan İrana qarşı istifadə olunmasına yol verməyəcək, Azərbaycanın hər hansı dövlətlə əməkdaşlığı İrana qarşı yönəlməyib. Buna baxmayaraq SEPAH-ın generalları dayanmadan Azərbaycanı hədələyir. SEPAH körfəz ölkələrinə raket və dronlarla hücum etməyi dayandırmalıdır, əgər həmin ölkələrdəki hərbi bazalardan İrana qarşı hücumlarda istifadə olunmursa. Azərbaycana təcavüz, indiki formada və coğrafiyada mövcud olan İran dövlətinin sonu olar. Onlar anlamalıdırlar ki, Azərbaycan heç vaxt istəməz ki, qonşusunda yeni bir Suriya yaransın. Hər zaman İranda proseslərin təkamül yolu ilə inkişafının tərəfdarı olmuşuq. İran islahatlara başlamalı, orada yaşayan xalqların milli hüquqlarını tanımalı, İsraili məhv etməklə hədələməyə son qoymalı, ölkənin inkişafı üçün ABŞ tərəfindən tətbiq olunmuş sanksiyaların aradan qaldırılmasına nail olmalıdır.
-İranın yeni lideri Müctəba Xameneii atasını öldürmüş ABŞ ilə anlaşmaya gedərmi?
-İran xalqının maraqları naminə bunu etməlidir. İran özünü nələrdəsə haqlı saya bilər, amma müharibədə həmişə haqlı olanlar yox, güclülər və siyasi baxımdan yetkin olanlar qalib gəlir. İranın bu qeyri – bərabər müharibədə qalib gəlmək şansı yoxdur. Ölkəni viran qoymağın adı nədir? Venesueladakı kimi ABŞ ilə anlaşmalıdırlar ki, ABŞ xüsusi təyinatlıları gəlib, Maduronu apardıqları kimi, zənginləşdirilmiş uranı aparsın və öhdəlik götürməlidirlər ki, uzaqmənzilli ballistik raket istehsalını dayandırırlar və ABŞ ilə əməkdaşlığa başlayırlar. ABŞ-ni onsuz da, bir müsəlman ölkəsi olan İranda demokratiya, insan haqları kimi məsələlər az ilgiləndirir. İran bu istiqamətdə islahatları öz insanının gələcəyi üçün həyata keçirməlidir.
-Azərbaycan indiki vəziyyətdə sülh üçün nəsə edə bilərmi?
-Pezeşkian deyir ki, sülh üçün bizə yox ABŞ-yə müraciət edin. Amma gözəl bilir ki, ABŞ-ni dayandıra biləcək nə bir dövlət, nə də bir beynəlxalq təşkilat var. ABŞ-nin resurslarının tükənəcəyini gözləmək isə baş verənlərə bəsit yanaşmadır. İran körfəzdəki müsəlman ölkələrini bombalamaqla imkan yaradıb ki, ABŞ müharibənin xərclərini körfəz ölkələrindən alsın. Bəlkə də artıq alır. İranın bombalanmasının davam etməsi aclığa, böyük humanitar fəlakətə yol aça bilər. Azərbaycan özündə 60-a qədər islam dövlətini birləşdirən İslam Əməktaşlıq Təşkilatının sammitinin fövqəladə iclasının çağırılması üçün Baş Katibliyə müraciət edə bilər. Təşkilat müsəlman təəssübkeşliyindən çıxış edib hərbi, siyasi və humanitar böhranın baş verməsini nəzərə almalı, İran İslam Respublikasının rəhbərliyinə müraciərt etməlidir ki, sadə müsəlmanları düşünsün, müəyyən güzəştlərə getməklə müharibəni dayandırsın. ABŞ və İsraildən isə tələb olunmalıdır ki, mülki infrastruktura hücum etməsin. Gələcəkdə dağıntıları bərpa etmək üçün İrana 10 illər və 100 milyardlarla dollar vəsait lazım olacaq. ABŞ İranın blokadasını və sanksiyaları aradan qaldırmasa bir müddət sonra ölkədə acların qiyamı baş verəcək.
-Qüdrət bəy, İran Naxçıvana dronlarla hücum edəndən və İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı yayılandan sonra Əli Kərimli və Gültəkin Hacıbəyli xaricdəki tərəfdaşlarını məyus etsələr də, iqtidarın mövqeyindən məsələyə münasibət bildirdilər. Buna da münasibətinizi öyrənmək istərdik.
-Ümummilli məsələlərdə hamı eyni mövqedən çıxış etməli, xalqımız birlik nümayiş etdirməlidir. Bu davranışı onlar davam etdirməlidir. Xalqımız da İqtidardan milli birliyimizi gücləndirəcək müəyyən addımlar atmasını, islahatlar həyata keçirməsini gözləyir.
Xəbər 139 dəfə oxunub.