Bu gün səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, sıxlığın yaranmasının əsas səbəbi bayram günləri ilə əlaqədar Gürcüstana səyahət edənlərin sayının kəskin artmasıdır. Gömrük keçid məntəqəsinin iş rejimini çətinləşdirən digər amil isə Rusiya-Gürcüstan sərhədində baş verən uçqun nəticəsində Rusiyadan bu ölkəyə gedən avtomobillərin Rusiya-Azərbaycan-Gürcüstan marşrutu ilə hərəkət etməsidir. Belə ki, Rusiya-Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsinin iş rejimində yaranan problem nəticəsində Rusiyadan Gürcüstana gedən avtomobillər Azərbaycandan tranzit keçməklə “Sınıq Körpü” gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə hərəkət edir.
Hazırda 3 xətt vasitəsilə avtomobillərin intensiv keçidinin təmin olunduğu "Sınıq Körpü" gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və qısa zaman ərzində sıxlıq tam aradan qaldırılacaq.