Azərbaycanın Zəfər savaşının zirvə nöqtəsi heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi idi. Müzəffər Ali Baş Komandanın "Şuşasız bu qələbə yarımçıq olar” mesajı qalib ordunun hər bir azərbaycanlı üçün şərəf məqamına çevrilmiş Şuşanı azad etməsini mütləq zərurətə çevirmişdi.
Bu şad xəbəri xalqa çatdırarkən Prezident İlham Əliyevin "mən ata vəsiyyətini yerinə yetirdim” deməsi, ruhumuzun paytaxtı olan Şuşanın Ümummilli Lider tərəfindən dövlət və millət üçün hədəf göstərildiyini təsdiqləyir. Ulu Öndərin bütün çıxışlarında Şuşanı Qarabağın, Azərbaycanın bütövlüyünün simvolu kimi göstərməsi də bunun bariz ifadəsidir. Bu baxımdan dahi şəxsiyyətin anadan olmasının 100 illiyində azad Şuşa bir ayrı özəlliyə malikdir və bu məqsədlə qala-şəhərdə keçirilən tədbirlər Ümummilli Liderin ruhuna ən böyük sayğı və sevgidir.
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə mayın 3-də Şuşada keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransı da bu sevginin əyani nümunəsi idi.
Aktual.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, siyasi şərhçi Emin Bağırov bildirib.
E.Bağırov daha sonra diqqəti dövlətimizin başçısının çıxışında vurğulanan bir sıra mühüm məqamlara yönəldib. O, Azərbaycanın Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəal olduğunu xatırladaraq, bəzi vaxtlarda müəyyən ölkələrdən fərqlənərək, mühüm dövlət rolunda çıxış etdiyini vurğulayıb. Siyasi şərhçi, eyni zamanda, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi bir istəyi– bu təşkilatın daha vacib beynəlxalq oyunçuya çeviriləcəyi halda bundan hər kəsin faydalana biləcəyini qeyd etdiyini söyləyib.
"Bizim geniş coğrafiyamız, bəzi ölkələrdə böyük təbii sərvətlər, bəzi ölkələrin güclü hərbi imkanları var. Biz bütün bu səyləri birləşdirsək, qlobal səviyyədə ciddi oyunçu görə bilərik. Hesab edirəm ki, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır”,- deyə Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətində daha da güclənəcəyinə əminliyini xatırladıb.
Siyasi şərhçi Prezident İlham Əliyevin çıxışında Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan bir sıra məsələlərə, o cümlədən TAP genişləndirilməsi, "Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil edilməsi, Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilərin olması kimi aktual mövzulara da münasibət bildirib. Nitqində TAP-ın səhmlərinin 20 faizinin Azərbaycana məxsus olduğunu, bir şirkətdən başqa digərlərinin də payının 20 faiz təşkil etdiyini diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb:
"TAP-ın genişləndirilməsinə dair birgə qərar verilməlidir. TAP genişləndirilməsə, qaz olmayacaq. Bu gün TAP maksimum həddə çalışır. TANAP-ı genişləndirmək daha asandır, çünki o layihədə Azərbaycan, Türkiyə və BP var. TAP-da isə daha çətindir. Trans-Balkan boru kəmərinə çıxışımız olmalıdır ki, bizim qazı gözləyən ölkələri təchiz edə bilək. Avropada interkonnektorlar vaxtında tikilsə, biz bu ilin sonunda Macarıstanı və Serbiyanı qazla təmin edə bilərik”.
E.Bağırov ölkə Prezidentinin Azərbaycanda getdikcə yaxşılaşan biznes mühitinin olması, vergi və gömrük sahələrində böyük islahatların aparılması və ümumilikdə, respublikamızın bütün maliyyə sisteminin şəffaflığı istiqamətində həyata keçirilən islahatların böyük potensial yaratması ilə bağlı fikirlərinə də toxunaraq, bu məsələdə coğrafi yerləşmənin də xüsusi önəm daşıdığını, bütün bunların isə ölkəmizin gələcək uğurlarını şərtləndirdiyini söyləyib.
Sonda siyasi şərhçi əlavə edib ki, bu gün bölgədə şərtləri Azərbaycan diktə edir və bütün proseslər ancaq Azərbaycanın maraqları çərçivəsində aparıla bilər. Ermənistan bu reallığı dərk etməlidir. Əgər işğalçı dövlət 44 günlük savaşdan dərs götürməyibsə və sülhdən yayınırsa, "dəmir yumruq” yenidən işə düşəcək. Hadisələrin bu istiqamətdə inkişafı nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Azərbaycan regionun və hər bir tərəfin gələcəyi üçün sülh təklifində qalır. Bunu xoşluqla qəbul etməsələr, dövlətimizin qüdrəti milli maraqlarımızı güc yolu ilə qəbul etdirməyə çatacaq.
Xəbər 302 dəfə oxunub.