Bazar günü Gəncədə odlu silahla törədilmiş qətlin bəzi təfərrüatları məlum olub.
Aktual.Az-ın APA TV-yə istinadən məlumatına görə, şəhərin Əttarlar küçəsində, “Kəpəz” mehmanxanasının qarşısında öldürülən Elmir Cəlilov kikboks üzrə ikiqat Azərbaycan çempionudur. Hadisə baş verən gecə Elmir “Xan bağı”nda dostları ilə çay içirmiş. Bu zaman ona iki dəfə zəng gəlib. Zəng vuran şəxs onu “Kəpəz” mehmanxanasının qarşısında gözlədiyini deyib.
Elmir Cəlilov dostlarına “indi gəlirəm” deyərək Xan bağından Cavad xan küçəsinin Əttarlar küçəsi ilə kəsişməsinə kimi piyada gedib. Orada Elmir üç nəfərlə görüşüb. Görüşdüyü şəxslər həyat yoldaşının xalası oğlu Elmar adlı şəxs, onun dostu Ruhin olub. Üçüncü şəxsin kimliyi hələlik məlum deyil. Elmar görüşə çağırdığı Elmir Cəlilova dəmir əşya verib və problemi olan bəzi şəxslərlə haqq-hesab çürütməli olduqlarını deyib. Daha sonra bu dörd nəfər “Kəpəz” mehmanxanasının qarşısına gediblər. Burada onlar içərisində 4 nəfərin əyləşdiyi maşına yaxınlaşıblar. Elmir Cəlilov əlindəki dəmir parçası ilə maşının qabaq şüşəsinə zərbələr endirib və arxa qapıya yaxınlaşıb. Bu zaman maşında əyləşən 32 yaşlı Anar Tağıyev əlində olan lüləsi kəsilən ov tüfəngi ilə ona atəş açıb. Atəş səsini eşidən kimi Elmir Cəlilovun yanında olan şəxslər hadisə yerindən qaçıblar. İkiqat Azərbaycan çempionu aldığı güllə yarasından hadisə yerində keçinib.
Elmir Cəlilovun qohumları onu cinayət törədilən yerə çağıran Elmar və Ruhin adlı şəxslərin istintaqa cəlb olunmamasından narahatlıq keçirirlər. Mərhumun atası bu gün Gəncə şəhər prokurorluğunda olub, işi aparan müstəntiq ona istintaqın obyektiv getdiyini deyib. Ailəni narahat edən məsələyə - Elmirin ölümünə səbəb olan Elmar və Ruhinin qaçıb gizlənməsinə gəldikdə, prokurorluqdan bildiriblər ki hazırda hər iki şəxs axtarışdadır.
Qohumları Elmir Cəlilovun kriminal aləmlə əlaqəsi olmadığını, onu ölümə yoldaşının xalası oğlunun apardığını bildirirlər.