Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki mərhələsində Azərbaycan bütün parametrlər üzrə üstünlüyü əldə edib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq qeyd edib ki, Dağlıq Qarabağ tənzimlənməsinin indiki mərhələsində 3 parametr daha aktualdır:
ı.Vasitəçilərin istinad etdiyi dinc tənzimləmə;
ıı. Rusiyanın təklif etdiyi siyasi-diplomatik tənzimləmə;
ııı. hərbi həll.
M.Əhmədoğlu bildirib ki, Azərbaycan bu 3 parametr üzrə üstünlüyü əldə edib: "ATƏT MQ həmsədrlərinin regiona son səfəri Ermənistanın dəstəklədiyi təkliflə müqayisədə Azərbaycanın dəstəklədiyi təkliflərin üstünlük qazanmasının aydın nümayişi oldu. Qoşunlarım təmas xəttində və sərhəddə baş verən hərbi proseslər tamamilə yeni xarakter alıb. Ağır silahlardan və raketlərdən istifadə adiləşib. Həmsədrlərin təmas xəttini keçməsi də onların atəşə tutulması ilə baş verdi".
Mərkəz rəhbəri sonra deyib ki, belə vəziyyətdə həmsədrlərin daha çox qoşunların təmas xəttində və sərhəddə xüsusi qurğuların yerləşdirilməsi barədə Ermənistanın dəstəklədiyi təklifə təkan verəcəyini gözləmək olardı: "Amma həmsədrlər Dağlıq Qarabağda ermənilərin və azərbaycanlıların birgə yaşamasından danışdı, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı məcburi köçkün və qaçqınların vəziyyətinə diqqəti aktuallaşdırdı. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasını ön plana çıxardı. Bir azda aydın desək, vurğu Ermənistanın sırımaq istədiyi etimad tədbirinin deyil, Azərbaycanın dəstəklədiyi etimad tədbirlərinin üzərində idi. Həmsədrlərin mövqeyindəki bu dəyişikliyə kinayə ilə yanaşmaq bəlkə də ən ciddi yanaşmadır: Azərbaycanın atdığı raketlər həmsədrlərə münaqişəni tənzimləməyin düzgün yolunu göstərib".
Politoloq vurğulayıb ki, həmsədrlər münaqişənin tənzimlənməsinin sonundan əvvəlinə doğru istiqamətlənmiş “Yol xəritəsi” hazırlamaqla münaqişənin dinc yolla tənzimlənməsində ciddi dönüş yarada bilərlər: "Belə yol xəritəsinin hazırlanmasında həmsədrlərin ən yaxşı tərəfdaşı Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının təmsilçiləri ola bilər. Vasitəçilər Vyanadakı ofislərində və ya Tbilisidə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının silsilə ilə və qrup halında dialoqunu təşkil etməklə mükəmməl yol xəritəsi hazırlaya bilər. Həmsədrlər iradəlı olarlarsa, Dağlıq Qarabağ erməniləri prezident S.Sərkisyanın qadağalarına məhəl qoymayaçaq. Dağlıq Qarabağ erməniləri həmsədrlərin etiraf etdiyi kimi, Azərbaycanı düşmən bilmirlər. Dünyada gedən siyasi proseslərdən kifayət qədər məlumatlı olan Dağlıq Qarabağ erməniləri yaranmış vəziyyətdə Ermənistan rəhbərliyinin atdığı addımlarının nəsə verməyəçəyini çox gözəl bilirlər".
Dağlıq Qarabağ ermənilərinin Qarabağ klanının və bir qrup işbazın əlində girova çevrildiyini söyləyən M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağ erməniləri real və səmimi təklif gördükləri halda, vasitəçilərin çağırışına müsbət cavab verəçəklər: "Dağlıq Qarabağ tənzimlənməsində ikinci parametr Rusiyanın müəllifi olduğu siyasi-diplomatik vasitədir. Rusiya bu istiqamətdə bir neçə addım atıb. AİB-ə üzv olan zaman Ermənistan Dağlıq Qarabağı özünün tərkib hissəsi hesab etməyəcəklə bağlı öhdəlik götürüb. RF Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fərqli tənzimləmə variantı təklif edib: Dağlıq Qarabağın ətrafındakı 7 rayon Azərbaycana qaytarılır, əvəzində Azərbaycan Rusiya ilə Ermənistan arasında kommunikasiyanı acır, Dağlıq Qarabağın statusunun müəyyən olunması müəyyən müddətə təxirə salınır. MDB-nin Qazaxıstan sammitində üzv dövlətlərin xarici sərhədlərinin möhkəmləndirilməsi haqqında qəbul edilən proqram da Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mühüm siyasi-diplomatik addım kimi də qəbul edilə bilər: Azərbaycanın xarici sərhədlərinin, o cümlədən Ermənistanın işğalı altında olan sərhədlərinin azad olunaraq möhkəmləndirilməsinə xidmət edir".
Politoloq sonra deyib ki, parametrin 3-cü tərəfi hərbdir: "Azərbaycanın real raket zərbələrinə Ermənistan yalnız hədə ilə cavab verir. Ermənistan bu parametrlərdə nəyi isə dəyişmək gücündə deyil. Azərbaycan ordusu Ermənistan prezidentinin və həmsədrlərin açarını müəyyənləşdirib".