Azərbaycan Berlində erməni təxribatına etiraz etdi

Azərbaycan Berlində erməni təxribatına etiraz etdi

Azərbaycan 9-13 mart tarixlərində Berlində keçirilən Beynəlxalq Turizm Sərgisindən vaxtından əvvəl ayrılıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Azərbaycanın Almaniyadakı Səfirliyindən verilən məlumata görə, Azərbaycan ötən illərdə olduğu kimi bu il də Berlində keçirilən Beynəlxalq Turizm Sərgisində (ITB) iştirak edir:

“İştirak zamanı məlum olub ki, özünü “Qarabağ” adlandıran pavilyonda Dağlıq Qarabağda mövcud olan separatçı rejim reklam edilir və bu məqsədlə sərgi ziyarətçilərinə təbliğat materialları paylanılır. Erməni mətbuatı da həmçinin qondarma “Dağlıq Qarabağ Respublikasının” sərgidə “uğurlu iştirakı” barədə məlumatlar yayıb.

Qondarma “respublika” əslində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış beynəlxalq hüquqa zidd rejimdir. Bu mövqe həm Birləşmiş Millətlər Təşkilatı, həm də Almaniya Federativ Respublikası hökuməti tərəfindən bölüşülür.

Bu, Azərbaycana qarşı növbəti erməni provokasiyasıdır. Göründüyü kimi, dinc turizm sərgisi də Ermənistanın beynəlxalq hüquqa zidd işğalçı siyasəti üçün sui-istifadə edilir: Bu dəfə Berlin Beynəlxalq Turizm Sərgisində sözü gedən pavilyonun sahibi olan “Ermənistan və Qafqaz Turizm İnkişaf Agentliyi” adlı təşkilatın əli ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi haqda yanlış məlumatları özündə birləşdirən təbliğat materialları yaymağa cəhd edilir”.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin əleyhinə yönəlmiş belə bir aksiya artıq bir dəfə 2009-cu ildə keçirilən Beynəlxalq Turizm Sərgisində həyata keçirilib. O zamandan bəri ITB rəhbərliyi belə bir provokasiyanın təkrarlanmaması üçün çalışıb və buna da son illərdə nail olub. Bunun nəticəsində Azərbaycanın, bu ilki sərgi istisna olmaqla, İTB-də uğurlu iştirakı mümkün olub:

“2016-cı il ITB-sində sözü gedən pavilyonun fəaliyyəti Azərbaycan tərəfi üçün qəbuledilməzdir və bu nəinki beynəlxalq hüququn norma və prinsipləri, eləcə də ITB-nin sərgilərlə bağlı müəyyən olunmuş Fəaliyyət Qaydaları (8-ci paraqraf), İTB-in keçirildiyi Messe Berlin sərgi kompleksinin Fəaliyyət Qaydaları (12-ci paraqraf, 2-ci abzas), habelə Ümumdünya Turizm Təşkilatının müəyyən etdiyi Etik Qaydaları ilə ziddiyyət təşkil edir.

ITB rəhbərliyinin bu səpgidə siyasi təbliğat plakatları və materiallarının aradan qaldırılması ilə bağlı öhdəliyini qəbul etməsinə baxmayaraq, sözügedən pavilyon öz işini maneəsiz şəkildə davam etdirir. Təəssüf ki, qeyd olunan fəaliyyətin qarşısının alınması üçün ITB rəhbərliyinin hər hansı effektiv tədbir görməsi nəzərə çarpmır. Azərbaycan tərəfi sözügedən sərgidə bu şərtlər daxilində öz iştirakını davam etdirməyi mümkün hesab etmir və öz pavilyonunu bağlamağa məcburdur".

Daha sonra qeyd olunub ki, ITB ilə bu günə qədər həyata keçirilən uğurlu əməkdaşlığı nəzərə alaraq yaranmış bu vəziyyət xüsusilə təəssüfedicidir və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə kobud şəkildə hörmətsizlik edilən bir sərgidə iştirak qeyri-mümkündür:

"Belə bir hadisənin özünün ATƏT sədrliyi çərçivəsində ATƏT məkanındakı həlli gecikən münaqişələrin həll edilməsinə töhfə verilməsini əsas prioritetlərindən biri elan edən Almaniyada baş verməsi xüsusilə təəssüfedicidir”.

Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR