"Müdafiə Sənayesi Nazirliyin fəaliyyəti dövründə 1 000 addan çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilib.
Bunlardan universal və tank pulemyotlarını, tank əleyhinə əl qumbaraatanı, müxtəlif mm-lik minaatanları və onlar üçün minalı atəş yığımlarını, mina təsirinə dayanıqlı zirehli texnikaları, BTR və BRDM tipli zirehli texnikaların təkmilləşdirilməsini və s. göstərmək olar".
Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.
Nazir vurğulayıb ki, ümumilikdə sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məmulatların həcmi 2006-cı ilə nisbətən 2015-ci ilin yekunlarına görə 210 dəfədən çox artıb: "Ümumi məhsul istehsalının tərkibində müdafiə və xüsusi təyinatlı məmulatların həcminin xüsusi çəkisi 2006-cı illə müqayisədə 47 faiz artaraq 86 faiz təşkil edib".
Y.Camalov qeyd edib ki, hazırda alınan və quraşdırılmış texnoloji xətlərdə müxtəlif tipli iz buraxan gülləli patronların, müxtəlif mm-lik növ döyüş sursatları üçün partladıcıların, 6 növ kiçik və iri kalibrli lülələrin, 6 növ artilleriya və tank topları üçün mərmilərin, avtomatik topun istehsalının mənimsənilməsi işləri aparılır: "Utilizasiya mərkəzində quraşdırılan xüsusi avadanlıq və cihazlar vasitəsilə istifadəyə yararsız bütün növ döyüş sursatlarının utilizasiyası həyata keçirilir. Ötən müddətdə 18 min 200 ədəd müdafiə təyinatlı məmulatların təmiri işləri aparılıb, 7 milyon 188 min ədəd məmulatın isə utilizasiya işləri yerinə yetirilib. Nazirliyin fəaliyyəti dövründə tabeli müəssisələrdə 450 addan çox mülki və ikili təyinatlı məhsulların istehsalı mənimsənilib, mülki məhsulların yeni növlərinin yaradılması və istehsalı istiqamətində məqsədyönlü işlər davam etdirilir. Görülən tədbirlər nəticəsində mülki məhsulların istehsal həcmi ildən-ilə artmaqdadır. Belə ki, 2006-cı illə müqayisədə 2015-ci ildə istehsal olunan mülki məhsulların həcmi 2,9 dəfə artıb. Bu ildə proqnoz tapşırığa 102,5 faiz əməl olunub".