Azərbaycan Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib.
Aktual.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Konfransın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Çingiz Hüseynzadə hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. Sonra Çingiz Hüseynzadə 1996-cı ildən federasiyaya rəhbərlik etdiyini qeyd edib və Olimpiya Hərəkatındakı fəaliyyətinə daha çox diqqət ayırmaq məqsədilə vəzifəsindən istefa verdiyini bildirib: "Federasiyadan istefa versəm də, idmandan getmirəm".
Səsvermə ilə Ç.Hüseynzadənin istefası qəbul edilib. Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan Atletika Federasiyasının yeni prezidenti seçilib. C.Qurbanov göstərilən etimada görə təşəkkür edib və bildirib ki, bundan sonra atletikanın inkişafı üçün əlindən gələni edəcək. O həmçinin federasiyanın bundan əvvəlki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib.
Konfransda həmçinin Müşfiq Tukanov və Könül Nurullayeva vitse-prezident, Şəlalə Yaqubova, Bülənt Karani, Nazim Babayev və Rauf Qasımzadə İdarə Heyətinin üzvü seçiliblər.
Xəbər 318 dəfə oxunub.