Ümumdünya Antidopinq Agentliyi (WADA) fevralın 17-də Azərbaycanı antidopinq standartlarına uyğun olmayan ölkələr siyahısından çıxarıb.
Aktual.az Azərtac-a istinadən xəbər verir ki, bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında bildirib ki, iki ay yarım ərzində ölkəmizdə antidopinq kodeksi hazırlanıb. Azərbaycanın antidopinq baxımından nümunəvi ölkələr siyahısına daxil olması üçün hər cür şərait var.
Fəaliyyətimizi idmançıları dopinq testindən keçirmək, onları və məşqçiləri təlimatlandırmaq, nəticələrin təhlili, beynəlxalq əlaqələrin qurulması kimi istiqamətlərdə quracağıq. Əsas məsələ idmançını yarış zamanı və ya başqa yerlərdə dopinq testindən keçirmək deyil, idmanın saflığını, idmançılarımızın hüquqlarını qorumaqdır.
"2017-ci ildə Azərbaycanda 435 dopinq testinin keçirilməsi nəzərdə tutulub. Ağırlıqqaldırma, atletika, güləş, boks kimi növlər ekstremal risk qrupuna daxildir. İdmançılardan götürüləcək testlərin sayı da buna uyğun aparılır. IV İslam Həmrəyliyi Oyunlarına 18 dopinq nəzarətçisi hazırlayırıq. Onlar bundan sonra AMADA-ya öz töhfələrini verəcəklər. Bu işdə bizə "PwC” şirkəti yaxından kömək edir. AMADA tərəfindən götürülmüş dopinq testləri həm logistika, həm də maliyyə baxımından müvafiq laboratoriyaya göndəriləcək. Hazırda Almaniyanın Köln şəhərindəki laboratoriya tələblərə cavab verir. Çox güman ki, dopinq testləri Köln şəhərinə göndəriləcək. Biz həm logistika, həm də maliyyə baxımından münasib olanını axtarırıq. Laboratoriyanın adı martda dəqiq müəyyənləşəcək”, - deyə Şəfəq Hüseynli əlavə edib.
Bildirib ki, hazırda WADA ilə birgə qadağan olunmuş preparatların siyahısı hazırlanır. Siyahı yaxın günlərdə dərc olunacaq və bütün federasiyalara paylanacaq. Hər bir federasiya bu siyahını diqqət mərkəzində saxlamalıdır. Polşanın Antidopinq Agentliyi ilə əməkdaşlığa dair sazişin imzalandığını vurğulayan AMADA-nın direktoru mütəxəssislərimizin bu ölkə ilə yanaşı, İsveçrədə təşkil olunan treninqlərə qatılaraq biliklərini artırdıqlarını vurğulayıb.
Aktual.az Xəbər 1072 dəfə oxunub.