Azərbaycan 81 il əvvəl oynadığı rolda (ŞƏRH)

Azərbaycan 81 il əvvəl oynadığı rolda (ŞƏRH)

"Azərbaycan keçmiş Turanın mərkəzi, yeni Turanın açarıdır” deyiblər. Azərbaycan həm də qədim ipək yolunda şərqin qərblə birləşməsində mühüm rollardan birini oynayıb. Bu böyük zəncirin mühüm birləşdirici elementi olub. Turan həm də şərqlə qərbi özündə birləşdirən coğrafiya sayılır. Başqa sözlə, ipək yolunun mühüm hissəsi buradan keçib. Bu ərazilər indi də dünyanın birləşməsi, bütövləşməsi üçün əsas ərazidir. Azərbaycan bu işdə vacib aktorlardandır.

Şərqlə qərb arasında yeni siyasi, iqtisadi, mədəni əlaqələrin qurulmasında və təhlükəsizlik məsələləri ilə bağlı problemlərin həllində də Azərbaycan yüz illər əvvəl kimi öz əhəmiyyətini qoruyub saxlayıb.

Dünyanın sabitliyi, əlaqələri və birləşməsi sanki Azərbaycanın missiyasıdır.

Heç kimə sirr deyil ki, ABŞ dünyanın supergücüdür. Ştatların liderinin Azərbaycana diqqətinin artması da onun əhəmiyyətinin göstəricisi sayıla bilər.

Son 6 ayda ABŞ Prezidenti Cozef Baydenın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublar da bunu təsdiqləyir. Ağ evin indiki sahibi məktubunda bildirib ki, ABŞ Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir. O, enerji təhlükəsizliyi ilə məsələdən bəhs edərək bu istiqamətdə təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərini təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər etdiklərinin vurğulayıb. "Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır”, - Bayden əlavə edib.

O, Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rolunu da vurğulayıb.

ABŞ Prezidentinin məktubundan göründüyü kimi Azərbaycan Ukraynanın və Avropanın təhlükəsizliyində də mühüm rola malikdir.

Azərbaycana maraq və diqqətin artması həm də onun beynəlxalq arenada etibarlı dövlət olduğuna sübutdur. İlham Əliyev söyləyib ki, Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir.

Yeri gəlmişkən, iyunun 1-dən Xəzər regionunun neft-qaz və enerji sektorunun ən nüfuzlu tədbiri - Bakı Enerji Həftəsi başlayıb. Enerji həftəsi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgiləri və Bakı Enerji Forumundan ibarətdir. Bu sərgi və forumda 30 ölkədən 249 şirkət iştirak edəcək.

Böyük Britaniyanın Biznes, Enerji və Təmiz İnkişaf üzrə dövlət naziri Qreq Hands Cənub Qaz Dəhlizinin önəmini vurğulayaraq Bakıdakı mühüm tədbir iştirakçılarına ünvanlandığı videomüraciətində bildirib: "Bu gün Azərbaycan, Gürcüstan, Türkiyə və Avropada mövcud olan tərəfdaşlar üçün təbii qazın etibarlı, stabil təchizatçısı kimi çıxış edir".

İştirakçıların coğrafiyası, siyasi müstəvisi və hadisəyə münasibət həm də Azərbaycanın Türkiyə ilə birlikdə atdığı addımların doğru düzgün olduğunu bir daha təsdiqləyir. Neft və qaz sərgisinin tarixi, mərhum Prezident Heydər Əliyevin adı ilə bağlıdır. İlk sərgi 1994-cü ildə onun təşəbbüsü ilə keçirilib. O vaxtdan başlayaraq hər il sərgilərin miqyası və əhatə dairəsi genişlənib, iştirakçıların və təbrik edənlərin sayı artıb. Bütün bunların Azərbaycanın neft strategiyasının uğuru və təntənəsidir. Bu, həm də Azərbaycanın müəlliflərdən biri olduğu və həyata keçirdiyi energetika strategiyasının düzgün icrasının nəticəsidir.

Azərbaycan bununla dünyanın təhlükəsizliyinin təminin də aparıcı rollardan birini oynayır.

1941-1945-ci illərdə qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. Onlardan biri Bakı neftidir. O illərdə Azərbaycanda 75 milyon ton neft çıxarılmışdı. Bu, SSRİ-dəki hasilatın dörddə üçü demək idi. Cəbhədə hər 5 təyyarə və tankdan 4-ü Azərbaycandan göndərilən yanacaqla işləyirdi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə demişdi: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq”.

Dünya yenə qarışıb. Yeni siyasi xəritələrin yaranacağı ehtimal edilir. Aparıcı güclər arasında ziddiyətlər kəskinləşib. Düzdür, bunu hələ dünya müharibəsi adlandırmırlar. Ancaq bu savaşda görünən və görünməyənlərdən ibarət iki tərəf var. Bu qarşıdurmada başlıca problem energijidaşıyıcıları ilə təchizatdır. 81 il il əvvəl olduğu kimi Azərbaycan yenə dünyanın təmiz yanacaqla təmin olunmasına yardım edir. Bununla ölkəmiz dünyanın, o cümlədən Avropanın təhlükəsizliyini dəstəkləyir, ərazi bütövlüyü, suverenliyin, demokratiya və azadlığın tərəfində olduğunu nümayiş etdirir. Azərbaycan bu mövqeyi ilə işğala, müstəqilliyin təhdidinə qarşı çıxır. Bu, həm də beynəlxalq hüququn qorunmasına, sülhə, əmin-amanlığa xidmətdir.

Xəbər 1154 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR