Nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, Milli Məclisin deputatı, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev və deputat Ağalar Vəliyev daxildirlər.
Daimi komitənin iclasında ATƏT PA-nın sədri İlkka Kanerva, qurumun Baş Katibi Spenser Oliver və digər rəsmi şəxslər çıxış edəcəklər. Komitədə qurumun maliyyə hesabatı dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq, o cümlədən prosedura uyğun olaraq ATƏT PA-nın yeni Baş katibi seçiləcək.
Plenar iclasda “Helsinki + 40: gələcəyin ATƏT-inin yaradılması” qətnamə layihəsinə baxılacaq, Rusiya Federasiyasının ATƏT çərçivəsindəki öhdəlikləri barədə fikir mübadiləsi aparılacaq.
Sessiya çərçivəsində ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər, Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə Ümumi komitələrinin iclasları keçiriləcək. Həmin iclaslarda Azay Quliyev müəllifi olduğu “ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə hörmət” qətnamə layihəsini təqdim edəcək, daha sonra ekoloji çağırışlar, təhlükəsizliyin hərbi-siyasi aspektləri, insan alveri ilə mübarizədə cavabdehlik məsələləri müzakirə olunacaq. Silahlı münaqişələr nəticəsində itkin düşənlərin, həmçinin acınacaqlı vəziyyətə düşmüş qadın və qızların məsələsi gündəmə gətiriləcək. ATƏT bölgəsindən olan əcnəbi döyüşçülər–terrorçularla bağlı qanunvericiliyin kompleks islahatına diqqət yönəldiləcək. Beynəlxalq aləmdə neonasizm meyllərinin qarşısının alınmasına dair qurumun üzvləri tərəfindən birgə tədbirlərin hazırlanması və icrası barədə məruzələr dinləniləcək, diskussiya aparılacaq.
Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və nümayəndə heyətimizin üzvləri qurumun bütün iclaslarında iştirak edəcək, komitələrdə müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət açıqlayacaq, rəy və təkliflərini bildirəcəklər.
Səfər iyulun 10-da başa çatacaq.