Aprelin 11-də ATƏT PA-nın Büro iclasında Siyasi məsələlər və təhlükəsizlik komitəsinin "Parlament əməkdaşlığının 25 illiyi: Dialoq vasitəsilə etimad yaratmaq" adlı qətnamə layihəsi müzakirə olunub.
Müzakirələrdə komitənin sədr müavini və Büro üzvü Azay Quliyev çıxış edərək ATƏT PA-nı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aydın və prinsipial mövqe bildirmədiyi və bu istiqamətdə ayrıca bir sənəd qəbul etmədiyi üçün tənqid edib. A.Quliyev bildirib ki, ATƏT PA Ukrayna, Moldova və Gürcüstanda mövcud münaqişələrlə bağlı ayrıca qətnamə qəbul etdiyi və həmin ölkələrin ərazi bütövlüyünü birmənalı dəstəklədiyi halda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fərqli mövqe sərgiləyir.
O, qeyd edib ki, bütün beynəlxalq təşkilatlar, xüsusilə BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assamblyeası qəbul etdiyi qətnamələrdə, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceymis Uorlikin verdiyi bəyanatlarda Ermənistana çağırış edilir və Azərbaycanın işğal etdiyi ərazilərdən çıxması tələb olunur: "Münaqişə ilə bağlı mandat yalnız ATƏT-ə verilsə də, bu qurumun Parlament Assembleyası heç vaxt açıq və birmənalı mövqe bildirməyib. Buna son qoymaq lazımdır. Qoşunların təmas xəttində baş verən son hadisələr bir daha göstərdi ki, beynəlxalq qurumlar, xüsusilə ATƏT qısa zamanda təsirli tədbirlər görməsə, işğalın nəticələri aradan qalxmasa, aprelin 2-də baş verən hadisələrin daha böyük həcmdə və daha çox insan itkisi ilə təkrarlanmamasına və munaqişənin yenidən alovlanmamasına heç kim zəmanət verə bilməz. Atəşkəsi daim etmək üçün məsələni birdəfəlik həll etmək lazımdır. Ona görə təklif edirəm ki, hələlik ayrıca sənəd qəbul edilənə kimi, müzakirəyə təqdim edilən hazırkı qətnamə layihəsinə iki ayrı maddə əlavə edilsin: 1) ATƏT PA BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb edildiyi kimi, Ermənistanın silahlı qüvvələrini işğal etdiyi bütün Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmağa çağırır; 2) ATƏT PA Ermənistandan işğal etdiyi ərazilərdə qanunsuz iqtisadi və maliyyə fəaliyyətini, Ermənistan və digər ölkələrdən köçürülən ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmasını, işğal olunmuş ərazilərdəki maddi və tarixi abidələrin özgəninkiləşdirilməsi və xarakterinin dəyişdirilməsi, işğal etdiyi ərazilərdə demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsini pisləyir və bu qanunsuz əməlləri dayandırmağa çağırır".
Daha sonra büroda ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi numayəndəsi Kristian Vigenin hesabatı dinlənilib. K.Vigen Azərbaycanda mart ayında çoxlu sayda məhbusların əfv edilməsini, bəzilərinin məhkəmə qərarları ilə azad olunmasını müsbət qiymətləndirib. Həmçinin aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş toqquşma, ölən və yaralananlar haqqında məlumat verib və cəbhədə atəşkəsə əməl olunduğunu bildirib. O, ATƏT-in Minsk qrupunun daha aktiv olması və problemin həllinə yardım etməsini və bu prosesə ATƏT PA-nın töhvə verməsinin vacibliyini də qeyd edib.
Müzakirələr zamanı söz alan millət vəkili A.Quliyev təmas xəttində baş verən hadisələrə aydınlıq gətirib: "Son zamanlar Ermənistanın silahlı təxribatı üzündən təmas xəttində baş verən hadisələr həqiqətən çox üzücüdür. Burada sizin diqqətinizi iki mühüm məsələyə cəlb etmək istərdim. Birincisi, məlumunuz olsun ki, təmas xətti boyunca Ermənistanın nəzarət/işğal etdiyi ərazilərdən fərqli olaraq, Azərbaycan tərəfdə yaşayış məntəqələri təmas xəttinə çox yaxındır və beləcə mülki əhali daima Ermənistanın hədəfinə çevrilir. Məhz bu səbəbdən Ermənistanın hücumları nəticəsində mülki əhalimiz arasında itkilər və yaralılar var. 6 vətəndaş, o cümlədən 16 yaşından kiçik 2 uşaq öldürüldü, 24 mülki şəxs müxtəlif xəsarətlər aldı. 206 şəxsi evə, 69 elektrik dirəyinə, 28 məktəbə böyük ziyan vurulub. İkinci mühüm məqam odur ki, Azərbaycan öz torpaqlarında öz insanlarını müdafiə edir. Biz Ermənistan torpaqlarını işğal etməmişik və Ermənistanla hər hansı bir neytral ərazidə vuruşmuruq. Onu da qeyd edim ki, silahlı provokasiyanın qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini qorumaq üçün Azərbaycan silahlı qüvvələri cavab tədbirlərini gördü. Buna baxmayaraq, aprelin 3-ü beynəlxalq ictimaiyyətin çoxsaylı müraciətlərini nəzərə alaraq, münaqişənin siyasi yolla həllinə sadiqliyini nümayiş etdirmək üçün Azərbaycan təmas xətti boyunca bütün əks-hücum tədbirlərinin birtərəfli qaydada dayandırılmasını elan etdi".
A.Quliyev bir daha qeyd edib ki, Azərbaycan Ermənistanla müharibə etmək istəmir: "Biz qan tökülməsini istəmirik. Biz gənc əsgərlərin və mülki əhalinin ölməsini istəmirik. Eyni zamanda, mən onu da bildirmək istəyirəm ki, biz münaqişəni həll etməyən və danışıqları imitasiya edən proseslərdə maraqlı deyilik. Bizim danışıqlar fonu yaratmaq xatirinə sonsuz bir prosesdə iştirak etmək niyyətimiz yoxdur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməlidir və bunun alternativi yoxdur. Ermənistan danışıqlarda səmimiyyət nümayiş etdirib Azərbaycanın torpaqlarından çıxmalıdır. ATƏT-in Minsk qrupundan və onun həmsədrlərindən bu istiqamətdə təsirli addımlar atmasını gözləyirik".(Trend)