AZAL-dan telefonlarla bağlı qadağa

AZAL-dan telefonlarla bağlı qadağa

Azərbaycan Hava Yolları (AZAL) 20 noyabr tarixindən etibarən hava nəqliyyatında portativ şarj cihazlarının ("powerbank”) daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə təyyarə salonunda smartfonların xarici şarj cihazları ilə doldurulması qadağan olunur.
Aktual.az xəbər verir ki, bu qərar litium-ion batareyalarla işləyən cihazların yarada biləcəyi mümkün risklərin minimuma endirilməsinə xidmət edir.
Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi AZAL üçün hər zaman prioritetdir və yenilənmiş tələblər beynəlxalq mülki aviasiya qaydalarına tam uyğunlaşdırılıb.
Yeni qaydalara əsasən:
• Təyyarə salonunda portativ şarj cihazlarından istifadə qadağandır;
• Şarj cihazlarını təyyarənin enerji şəbəkəsinə qoşmaq olmaz;
• Şarj cihazlarını yuxarı baqaj rəflərində saxlamaq qadağandır - onlar sərnişinin yanında, ekipajın operativ müdaxilə edə biləcəyi yerdə olmalıdır;
• Yalnız zavod markalaması olan, nominal tutumu 100 vat/saatadək bir ədəd portativ şarj cihazının daşınmasına icazə verilir.
Şarj cihazlarının daşınma qaydası onların enerji tutumuna uyğun olaraq beynəlxalq standartlara əsasən müəyyən edilir. Tutumu 100 vat/saatadək olan cihazların əl yükündə daşınmasına icazə verilir. 100-160 vat/saat tutumlu akkumulyatorlar isə yalnız aviaşirkətin əvvəlcədən verilmiş razılığı ilə daşına bilər. Qeyd edək ki, bu kateqoriyaya aid cihazların qeydiyyatdan keçirilmiş baqajda daşınması qəti qadağandır.
Sərnişinlərə tövsiyə olunur ki, portativ şarj cihazlarında nasazlıq əlamətləri (həddindən artıq qızma, korpusun deformasiyası və ya kənar qoxu) müşahidə etdikdə dərhal ekipaj üzvlərinə məlumat versinlər.
Xəbər 43 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR