AZAL aşağı büdcəli reyslə uçuşlara başlayıb

AZAL aşağı büdcəli reyslə uçuşlara başlayıb

“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Moskva-Bakı aşağı büdcəli reysi (“lou-kost”) üzrə ilk uçuşunu oktyabrın 25-də həyata keçirib.

Bu gündən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həftənin bütün günləri təşkil ediləcək. “Airbus A320” təyyarəsi ilə həyata keçiriləcək reyslərə biletlərin bronlaşdırılması və satışına sentyabrın sonlarından başlanılıb.

Bakı-Moskva reysinin sərnişini Teymur Əliyev AZƏRTAC-a müsahibəsində ucuz qiymətə, 99 avroya çox rahatlıqla bilet aldığını bildirib. O, aviabiletlərin qiymətinin belə aşağı olmasının çox yaxşı hal olduğunu və sərnişinlərə belə şəraitin yaradılmasına görə təşəkkürünü bildirib.

Sərnişin Bəxtiyar Məmmədzadə isə Bakı-Moskva aşağı büdcəli reysinin açılmasına və bu reysin ilk sərnişini olduğuna görə çox sevindiyini deyib. Bildirib ki, biletin qiyməti çox sərfəlidir və hər ailənin büdcəsinə uyğundur.

Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunun ikinci terminalından saat 15:00-da havaya qalxıb, yerli vaxtla saat 17:10-da Moskvanın Vnukovo hava limanına çatacaq. Əks istiqamətdə reys isə Moskvadan saat 18:10-da çıxacaq, yerli vaxtla saat 22:00-da Bakıya çatacaq.

Bu istiqamət üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) AZAL-ın saytında və aviaşirkətin satış məntəqələrində bir tərəfə 99 avro təşkil edir. Marşrut üzrə hər ayrıca baqaj üçün (23 kiloqramdan artıq olmayan) ödəniş nəzərdə tutulur, ölçüsü 55x35x20 santimetr olan əl yükünü (8 kiloqramdan artıq olmayan) təyyarəyə götürmək isə pulsuzdur.

Qeyd edək ki, AZAL-ın kassalarında və şirkətin saytında 99 avroya Bakı-Dubay-Bakı, Bakı-İstanbul-Bakı və Bakı-Antalya-Bakı aşağı büdcəli marşrutları üzrə də bilet əldə etmək olar. AZAL-ın bütün reyslərinə biletləri onlayn rejimdə (www.azal.az) bronlaşdırmaq və əldə etmək mümkündür. Bu isə sərnişinlərə hansı istiqamətə hansı növ biletin mövcudluğu və qiymətləri barədə müfəssəl məlumat əldə etmək və aviabilet satışı agentlərinə komissiya haqqı ödəmədən birbaşa və ucuz bilet almaq imkanı yaradır.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev aviabiletlərin qiymətlərinə yenidən baxılması və qiymətlərin azaldılması ilə bağlı konkret tapşırıq vermişdi. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, “Azərbaycan Hava Yolları” QSC aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilini aparıb və qiymətlərin aşağı salınması üçün müvafiq tədbirlər həyata keçirib. Artıq bu istiqamətdə ilkin addımlar atılıb və bu barədə ictimaiyyətə məlumat verilib. Dövlətimizin başçısının aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırığına uyğun olaraq müvafiq araşdırmalar aparılıb.

Aşağı büdcəli reyslərlə yanaşı, avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30 faiz arasında endirim tətbiq olunmasına qərar verilib.

Aktual.az

Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR