Azad Rəhimov: “Bilet satışından 3 milyon manat gəlir əldə olunub”

Azad Rəhimov: “Bilet satışından 3 milyon manat gəlir əldə olunub”

"Bu gün ölkə Prezidenti İlham Əliyev idmançılarla görüşüb. Cənab Prezident öz çıxışında Rio de Janero oyunlarında əldə olunan yüksək nailiyyətlərimizin İslam Həmrəyliyi Oyunlarında öz təsdiqini tapdığını vurğulayıb”.

Publika.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.
Azad Rəhimov qeyd edib ki, İslamiadada iştirak edən 54 ölkənin 70 faizinin medal qazanması gərgin mübarizə aparıldığının sübutudur:
"2 il ərzində hər gün planlaşdırılan əməliyyatlarımız bu günlərdə yüksək səviyyədə baş tutdu. İslam Həmrəyliyi Oyunları tam təhlükəsizlik şəraitində keçirildi. Açılış mərasimində azarkeşlər üçün nəqliyyat vasitələri bir az problemli olsa da, bağlanış mərasimində insanlar vaxtı-vaxtında nəqliyyat vasitəsilə arenaya çatdırıldı. Bizə verilən məlumatlara görə, paytaxtımıza təşrif buyuran qonaqlar və azarkeşlər nəqliyyatdan razı qalıblar. Yayım yüksək səviyyədə həyata keçirildi. Atletlər Kəndində qalan idmançılar onlar üçün yaradılan şəraitdən razı qaldılar. Bir qismi biletlərlə əlaqədar hələ də Atletlər Kəndində qalıblar. Onlardan gözəl sözlər və təşəkkürlər eşitmişik. Qürur hissi ilə deyə bilərik ki, İslam Oyunları Rio de Jeneradan da yüksək səviyyədə keçirildi və Azərbaycan möhtəşəm yarışlar keçirməyə qadirdir. 2020-ci ildə V İslam Həmrəyliyi Oyunları Türkiyədə keçiriləcək. Dünən təntənəli şəkildə bayraq Türkiyəyə ötürüldü”.
Nazir yarışlar çərçivəsində 59 ölkədən turist gəldiyini deyib:
"Ümumilikdə 360 min bilet satılıb və bilet satışından 3 milyon manat gəlir olub”.
İslam Həmrəyliyi Oyunları Federasiyasının koordinasiya komissiyasının üzvü Əşrəf Sayed Dahroug İslamiadanın təşkilatçılığına görə Azərbaycan prezidentinə, birinci vitse-prezident Mehriban Əliyevaya və gənclər və idman naziri Azad Rəhimova təşəkkür edib:
"2 il müddətində böyük iş görüldü, biz ailə kimi birgə çalışdıq. İslam Əməkdaşlıq Təşkilatı dövlətlərinin demək olar hamısı İslam Həmrəyliyi Oyunlarında iştirak etdi. 54 ölkənin İslamiadaya qatılması Allahın lütfüdür. İdmançıların böyük həvəslə yarışa qatıldığının şahidi olduq. Azərbaycanlılar idman oyunları ilə yaxından maraqlanır, İslam dünyasından gələn nümayəndələri gülər üzlə qarşılayırdı. İslamiada yüksək səviyyədə keçirildi. İslam ölkələrinin dünyaya mesajı aydın idi. Bu o idi ki, Azərbaycan mötəbər idman yarışlarını, o cümlədən Olimpiya Oyunlarını təşkil etməyə qadirdir. Düşünürəm ki, Azərbaycan islam xalqları arasında həmrəyliyin güclənməsində bundan sonra da çalışacaq. Problemlər olmadan bir şey keçirilmir, ən əsası odur ki, kiçik texniki problem yaransa da, dərhal aradan qaldırılırdı”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, idmançılarımızın 70 faizindən çoxu Bakı 2017-nin mükafatçılarıdır:
"Deyirik ki, 162 medal qazandıq, amma medalçılarımızın sayı 250 nəfərdən çoxdur. Xüsusilə futbol, basketbol, voleybol, həndbol komandalarımız qələbə qazanıb. Rioda ən böyük göstəricilərimizdən biri o idi ki, 56 idmançının 28-i medal qazanmışdı. Bu dəfə idmançılarımız daha yüksək nəticə əldə edib”.
 
Aktual.az
Xəbər 506 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR