Azad olunmuş ərazilərdə ötən il 191 küçə üzrə 9 153 ünvan təyin edilib

Azad olunmuş ərazilərdə ötən il 191 küçə üzrə 9 153 ünvan təyin edilib

Ötən il "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əks etdirilmiş tədbirlər, o cümlədən, torpaqların elektron kadastr uçotu, yerquruluşu və torpaq tədqiqatları istiqamətində işlər davam etdirilib.
Bu barədə Aktual.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci il ərzində işğaldan azad edilmiş ərazilərdə torpaq tədqiqatı üzrə 140,2 min ha, geobotaniki tədqiqat üzrə isə 95,5 min ha ərazidə kameral işlər aparılıb. Bununla yanaşı, ümumilikdə 233,7 min ha sahədə laboratoriya işləri yerinə yetirilib.
Ötən il ərzində işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 191 küçə üzrə 9.153 giriş ünvanı, 2 943 daxili ünvan təyin edilərək Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.
2025-ci il ərzində 236 kiçik dövlət müəssisə və obyekti, dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılmış 8 açıq səhmdar cəmiyyətinin səhmləri, 208 obyektin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi və 1.160 nəqliyyat vasitəsi özəlləşdirilib.
Qeyd edilib ki, 2025-ci ildə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 18,8 milyon manat sərmayə qoyulub, dövlət büdcəsinə 12,2 milyon manat ödənilib və həmin müəssisələrdə 622 yeni iş yeri yaradılıb.
Ötən ildə özəlləşdirmədən dövlət büdcəsinə 135,3 milyon manat daxil olub. Bu, 2024-cü illə müqayisədə 26,4 milyon manat və ya 24,2% çoxdur. Ümumilikdə isə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı illik büdcə proqnozunun icrası 123% həcmində təmin olunub.
Hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 58 hərrac təşkil edilib. Ümumilikdə hərraclarda iştirak etmək üçün 2.446 sifariş verilib. Hərraclarda iştirak etmək məqsədilə "Elektron hərrac” proqram təminatı vasitəsilə 149 onlayn qoşulma olub. Hərraca çıxarılmış əmlaklar üzrə 644 elektron sifariş qəbul edilib.
Dövlət əmlakının icarəyə verilməsi sahəsində də yüksək nəticələrə nail olunub. Belə ki, 2025-ci il ərzində 4.957 yeni icarə müqaviləsi bağlanılıb ki, bunun 621-i qeyri-yaşayış, 4.336-sı isə torpaq sahəsinə aiddir. Daşınmaz dövlət əmlakının icarəsindən ötən il dövlət büdcəsinə daxilolmalar 46,2 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 8,6 milyon manat və ya 23% çoxdur. Ümumilikdə isə hesabat dövründə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı illik büdcə proqnozunun icrası 135.9 % həcmində təmin olunub.
Torpaqların idarə edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi sahəsində də işlər davam etdirilib. 2025-ci ildə ölkə üzrə ümumilikdə 25.964 monitorinq keçirilib. Torpaq Məcəlləsinin tələblərini pozan fiziki və hüquqi şəxslər barəsində 1266 inzibati protokol yazılmaqla 585 min manat cərimə tətbiq edilib.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli Fərmanının icrası çərçivəsində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ildə istifadəyə verilən "Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti vasitəsilə torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərin qəbulu və baxılması elektron qaydada "vahid pəncərə” prinsipi əsasında həyata keçirilir. Məlumat üçün qeyd edək ki, ötən ildə 226 hektar torpaq sahəsinin kateqoriyası Nazirlər Kabinetinin sərəncamı ilə dəyişdirilib.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR