Respublikanın çaylarında və transsərhəd çaylardakı mövcud vəziyyət açıqlanıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əsasən Kiçik Qafqaz bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 140-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 120-140 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, avqustun 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 116 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 95 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 104 m3/s olmaqla, ongünlük normanın 150 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 11,5 m3/s təşkil edərək ongünlük normanın 17 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə isə, avqustun 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Salyan məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım, Bankədə 1 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 372 sm (2015-ci il avqustun 01-də 346 sm), Salyanda 148 sm (2015-ci il avqustun 01-də 117 sm), Bankədə 180 sm (2015-ci il avqustun 01-də 171sm), Araz çayının Novruzlu məntəqəsində isə 84 sm (2015-ci il avqustun 01-də 58 sm) təşkil edir.