Aykido döyüş növü üzrə tanınmış idman ustası Ramin Yusifovun Aktual.az-a müsahibəsi
- Ölkəmiz beynəlxalq əhəmiyyətli idman yarışlarına ev sahibliyi edir. Birinci Avropa Oyunları, Formula-1 yarışması, İslam Həmrəylik Oyunları və s.
- Sözümüzü kəsir. Əslində Azərbaycanda idman sahəsinin tərəqqəsi daha əvvələ, ötən əsrin sonlarına gedib çıxır. O zamanlar Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin səyləri nəticəsində ölkəmiz təxminən 20 il öncə mötəbər yarışlara qatılmağa başladı. Ölkə idmançılarının uğurları bir-birini əvəz edirdi. Heç şübhəsiz idmana qayğı dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir və elə o zaman da bu belə idi. Məhz bunun nəticəsi idi ki, Azərbaycan beynəlxalq miqyasda uğurlara imza atır və qarşıda mötəbər yarışlara ev sahibliyi üçün zəmin yaradırdı. Birinci Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi bir daha göstərdi ki, biz bu yolu uğurla keçdik. Sübut etdik ki, ölkəmiz ən qısa müddətə böyük aidutoriyaya malik turistləri qarşılamağa, ən müxtəlif idman növləri üzrə müasir standartlara cavab verən komlekslər inşa etdirməyə malikdir. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə idman hərəkatına cənab İlham Əliyev rəhbərlik edirdi. İndiki məqamda bu uğurlu missiyanı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva davam etdirir. Bütün bunlar göstərir ki, dövlət başçımızın bütün sahələrdə olduğu kimi, idmana qayğısı əvəzsizdir və biz bu dəstəyi həmişə öz üzərimizdə hiss edirik. Fürsətdən istifadə edib, Cənab Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz adımdan, bir məşqçi olaraq Azərbaycanımızın bayrağını yüksək tribunalarda dalğalandıran idmançılarımızın adından, o cümlədən Azərbaycan Aykido Federasiyasının adından təşəkkür etmək istəyirəm. Nə yaxşı ki, sizlər varsınız!
- Hazırda Bakıda yox, Gəncədə yaşayırsınız. Niyə məhz Gəncə?
- Azərbaycanımızın hər bir güşəsi bizim üçün doğmadır. İdmanın inkişafı təkcə paytaxtla yekunlaşmır. Bu gün regionlarımızda ən müasir standartlara cavab verən idman mərkəzləri, olimpiya kompleksləri fəaliyyət göstərir. Gəncə də ölkəmizin ikinci paytaxtı olaraq bu prosesdən kənarda qala bilməz və biz Gəncə idman ictimaiyyətinin nümayəndələri olaraq bacardığımız qədər bu prosesə dəstək verməyə çalışırıq. “Avropa Gənclər Paytaxtı” - Gəncədə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına xüsusi dəstək göstərilir. Şəhərimizin icra başçısı Elmar Vəliyev biz idmançılara xüsusi diqqət göstərir. Vaxtaşırı olaraq bizi qəbul edir, müvafiq tapşırıq və təlimatlar verir. Tam səmimi deyirəm ki, Gəncə idmançılarının uğurlarının kökündə həm də Elmar Vəliyevin bizlərə xüsusi dəstəyi dayanır.
- Azərbaycanda Aykido idman növünün inkişafı sizi qane edirmi?
- Əlbəttə, biz aykido mütəxəssisləri olaraq nəticədən razı qala bilmərik. Ən azından buna mənəvi haqqımız çatmır. Amma təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, son illər ölkəmizdə bu idman sahəsinə maraq artıb və hər il yüzlərlə gəncimiz bu peşəkar idman növünün tərkib hissəsinə çevrilirlər. Onların arasında yüksək nəticə göstərən idmançılarımızın sayı az deyil.
- Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizdə olan dünyaca məşhur kino ulduzu və Aykido döyüş növü üzrə yeddinci Dan qara kəmər ustası Steven Seqalla döyüşünüz xatirələrdən silinməyib...
- Baxmayaraq ki, Steven Seqall dünya ictimaiyyəti arasında daha çox Hollivud aktyoru kimi tanınır, əslində o, çox gözəl idmançıdır. Aykido döyüş növündə çox böyük zirvələr fəth etmiş bir idmançıdır. Əslində ölkəmizə səfərindən öncə onunla tanışlığımız var idi. Səfər zamanı köhnə xatirələrimizi bölüşdük və tatamidə yüngülcə zarafatlaşdıq da. (Gülür).
- Son zamanlar cəbhə bölgəsində gərginlik artıb. Müharibə başlayarsa, orduya gedəcəksinizmi?
- Qəti şəkildə deyirəm. Həm mən, həm də tələbələrim düşünmədən orduya getməyə və torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırıq. Əgər Ali Baş Komandan İlham Əliyev müharibə əmri versə, dərhal düşməni darmadağın etməyə hazırıq. Əmr et, komandan, 48 saata torpaqlarımızı azad edək.
- Gənclərdə milli təəssübkeşlik hissi sizcə, yüksək səviyyədədirmi? Ölkə gənclərinə sonda nə demək istərdiniz?
- Azərbaycanın kifayət qədər istedadlı, parlaq zehnli, iradəli və güclü gəncliyi var. Biz bu gəncliklə ən qısa müddətə torpaqlarımızı düşmən tapdağından azad edə və çox böyük işlər görə bilərik. Mən ölkə gəncliyinə inanıram. Təbii ki, müəyyən istisnalar da var. Bir idmançı və məşqçi olaraq zərərli vərdişlərdən, narkotikdən və s. istifadə edən gənclərə demək istəyirəm ki, çaşmayın! Sizin böyük potensialınız var. Çalışın ki, bu potensialı özünüzün, ailənizin, dövlətimizin və millətimizin inkişafına həsr edəsiniz!
Atatürk Kamallı, Aktual.az