“Ay səni dovşan yesin” - HEKAYƏ

“Ay səni dovşan yesin”  - HEKAYƏ

Azər Sarıyev


“Niaqara” restoranının həyətinə girəndə bir xeyli cavan-coluğun, orta yaşlı kişi və qadınların “Ay səni dovşan yesin” mahnısının sədaları alıtnda şıdırğı rəqs etdiklərini gördüm. Restoranda əylənən adamların əksəriyyəti rəqs meydançasında idi. Ha gözüm axtardı, məni ziyafətə dəvət edən qohumumu və onun ailə üzvlərindən kimsəni tapa bilmədim. Bayaq dediyim kimi, hamı “Ay səni dovşan yesin” mahnısının cazibəsinə qapıldığından stolların ətrafında demək olar ki, adam qalmamışdı. Qohumlarımı rəqs meydanında axtarmağa məcbur idim. Di gəl ki, meydança yaxşı işıqlandırılmadığından insanların üzünü aydın seçmirdim. Yaxınlaşıb baxmaq da müsəlmançılığa sığmazdı. Mahnının qurtarmağına gözləyirdim ki, masaların birinin arxasında tanış sima gördüm. Görkəmli yazıçı, nəğməkar şair, müdrik filosof, böyük siyasətçi və istedadlı jurnalist, “Hadisələr” hüquq qəzetinin redaktoru Yusuf müəllim idi. Yusuf müəllimə yaxınlaşa-yaxınlaşa qeyri-ixtiyari beynimdən bu fikirlər keçirdi: “Ziyalı adam başqadır. Hamı bambılı kimi “Ay səni dovşan yesin”ə atılıb-düşən vaxtı o, səviyyəsini qoruyub saxlayır”.
Masaya yaxınlaşanda Yusuf müəllim diş çöpü ilə dişinin dibindən çıxardığı ət qırıntısını yenidən ağzına qoyub yüngülcə çeynəyə-çeynəyə bağırdı: “Ə, harda qlıbsan, gəl çıx da, ürəyim partladı ki, darıxmaqdan”. Yusuf müəllimin bağırtısı qonşu masada əyləşib rəqs meydançasında cəzb olaraq tər tökən övladlarını fəxrlə seyr edən qoca kişi ilə arvadın diqqətini özünə sarı yayındırdı. Cingiltili bağırtıdan dik atılmış qoca cütlüyün sifətində açıq-aşkar qəzəb dolu narazılıq oxunurdu. Qınamalı deyildi onları. Cahil adamlardırlar. Yazıqlar haradan bilsinlər ki, kiminlə qonşu masada əyləşiblər. Məncə Yusuf müəllim kimi adamların bu cür hərəkətlərinə çox da bənd olmaq lazım deyil. Yaradıcı insanların belə ərköyünlüyünü keçmək, nazı ilə oynamaq lazımdır. Zarafat deyil, 6 tarixi romanın, 2 cildlik fəlsəfi traktatın müəllifi idi. Təkcə mən yox, bütün respublika onun nazı ilə oynayırdı. Həyat yoldaşı ölkənin sayılan, sanballı adamlarından birinin- Müəllimin xalası qızı idi. Ziyafətə qardaşlarını belə dəvət etməyən qohumum da elə ona görə qonaqlıqda yuxarı başda əyləşdirmişdi Yusuf müəllimi. Yusuf müəllim məni restorana dəvət edən əmioğlunun arvad tərəfindən çox da yaxın olmayan qohumu idi. Yusuf müəllimin həyat yoldaşı əmioğlunun qayınanası Gülzar xanımın uzaq qohumu idi. İngilis dili müəlliməsi işləməklə yanaşı, “Bİnə” yarmarkasında qadın paltarı satılan dükan işlədən Gülzar xanım qaraqabaq, qohum-əqrəbası ilə yaxın münasibət saxlamayan bir adam idi. Amma özünün dediyinə görə, Yusuf müəllimin yaradıcılığının pərəstişkarı olduğundan onu bütün qohum-əqrəbasından, hətta oğlu Həsəndən də üstün tuturdu. Elə oğlu Həsən də Yusuf müəllimin yanında işləyirdi. Yusuf müəllim də Gülzar müəlliməyə xüsusi ehtiram göstərirdi. Hətta müəllimənin “Binə”dəki mağazasını əlindən almaq istəyəndə Yusuf müəllim işə qarışmış, məsələni həll etmişdi.
Masaya yaxınlaşıb hal-əhval tutandan sonra Yusuf müəllim qarşısındakı stülü göstərib amiranə şəkildə dedi: “Ə, otur”. Sonra stolun kənarında əmrə hazır şəkildə əllərinə qasığının üstündə çarpazlayıb duran ofsiantın cibinə bir beşlik basıb uca səslə göstəriş verdi: “Müəllimə qulluq elə” .
Yemək yeyə-yeyə Yusuf müəllimdən soruşdum ki, təzə nə var,nə yazır? Yusuf müəllim də əlindəki ucu qanlı diş çöpünü külqabıya atıb yenisini götürdü və əngdəki dişlərinin arasında girmiş kabab qırıntısını çıxarmağa cəhd edə-edə yeni romanından danışdı:
– Bu çox fərqli romandır. Azərbaycan ədəbiyyatı bir yana dursun, dünya ədəbiyyatında bir yenilikdir. Tarixi-fəlsəfi romandır. Başqa xalqların, rusun, ingilisin içindən biri çıxıb belə roman yazsaydı, indi dünya mətbuatı bar-bar bağırırdı. Amma neyləyim ki, kiçik xalqın oğluyam. Kitabın birini bağışlayacağam sənə. Qorxma, pul-zad istəmirəm. Sənin vəziyyətini bilirəm, amma rəisinin qanacağı olsa, bir min manat göndərər, deyər ki, Yusuf müəllimə de, kitabından bir on dənə yollasın. Mənim kitablarımın satış problemi yoxdur. Zəng edirəm hər rayonun icra başçısı hərəsi 20-20 götürür. Mədəniyyət Nazirliyi bu yaxınlarda 50 dənə götürdü. Amma sonuncu romanımı hər yoldan ötənə verməyəcəyəm. İcra başçısının-filanın yemi deyil bu. Dərin əsərdir.
Diş çöpünü yerə qoyub məktəb uşağı partada oturan kimi qarnını stola söykəyib əllərini sinəsinin qarşısında uzatdı və gözünü məchul nöqtəyə zilləyib danışmağa başladı. Sanki dərs danışırdı:
– “Romanın konstruksiyası bütövlükdə paradoksal, paralel, çarpaz, ziqzaqlı, lakin bir-birini içərisinə heç nə olmamış kimi səyahət edib qayıdan sillagizmlər üzərində qurulub. Roman özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial həqiqətlər barədə söz açmaq cəhdi ilə ədəbiyyatımızın inkişafı üçün çox gərəkli olacaqdır. Əvvəlki əsərlərimdə toxunduğum mövzuları son romanımda bir qədər də dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirmişəm. Yenidən işlənmiş şəkli ilə yaxın və uzaq keçmişimizdəki tarixi hadisələri, dövlət xadimlərimizi, tarixi şəxsiyyətlərimizin vətənpərvərlik çarpışmalarını əks etdirdiyim romanda Azərbaycan xalqının ulu tarixi kökləri ilə müasir mənəvi problemlərini vahid sujet xəttində ustalıqla birləşdirmişəm”.
Monoloqu bitirəndən sonra dərindən ah çəkdi və razılıqla sağ tərəfində əyləşmiş xanımına baxdı. Xanım da razılıqla başını aşağı əyib qaldırdı. Yəni “ok”. Sakitlik yaranmasını fürsət bilib araq badəsini yuxarı qaldırdım və “Yeni romanınızın şərəfinə” dedim.
– Sən iç, mən arağı tərgitmişəm.
– Bağışla, sən Allah müəllim. Tamam yadımdan çıxmışdı. Sən axı demişdin ki, ancaq xaricdə içirsən.
Deyəsən, sözüm yerinə düşməmişdi. Cümləm bitər-bitməz, Yusuf müəllimin xanımının rəngi dəyişdi və ağır-ağır sağa dönüb ərini qəzəblə süzdü. Yusuf müəllimi bu vəziyyətdə heç görməmişdim. Alnının ortası tər muncuqları ilə dolu idi. Bütün sifətini tər-su basmışdı. Zorla ağzını açıb “bir siqaret çəkək” deyə mızıldandı və mənə də işarə etdi ki, onunla gəlim.
Tualetə çatar-çatmaz əsəbi şəkildə məni danlamağa başladı:
– Ə yekə kişisən, bəs sən niyə belə eləyirsən?
– Neylədim ki, Yusuf müəllim?
– Ə, arvad bilmir mənim xaricdə içdiyimi. “Altun”da içib “piyan” olandan sonra Müəllimə şikayət etmişdi. Müəllim də məni çağırıb it abırı verdi. Onun yanında arvada söz verdim ki, içməyəcəyəm. Gül kimi söhbət edirdik. Yediyimi-içdiyimi burnumdan gətirdin. Yüz fazi gedib qoyacaq Müəllimin ovcuna. Müəllimin qulağına çatsa, necə olacaq? Gör bir neylədin? Bütün respublika mənim romanımdan danışır, sən də nədən danışırsan. Mən romanını “Nobel”ə təqdim etməyi düşünürəm, gör sən nə deyirsən? Mənim romanım…
Sonra dediklərini musiqi səsindən eşidə bilmədim. Yeni rəqs başlamışdı: “Ay səni dovşan yesin”.



Xəbər 1830 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR