Türkiyənin iki vətəndaşı Brüsseldəki teraktlarda yaralanıb.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
"Dünən Brüsseldə bizim üç vətəndaşımız partladılan metrostansiyanın ərazisində olub. Onlardan biri diplomatdır, qatarın sonuncu vaqonunda getməyinə rəğmən, xoşbəxtlikdən, xəsarət almayıb. Digər iki vətəndaşımız isə yaralanıb, həyatlarına təhlükə yoxdur", - Çavuşoğlu TGRT telekanalına müsahibəsində deyib.
Martın 22-də Belçika Krallığının paytaxtı Brüsseldə aeroport və metroda partlayışlar törədilib. Son məlumatlara görə, 31 nəfər ölüb, 260 nəfər yaralanıb.
Terakta görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.