Avtomobillərin Azərbaycana gətirilməsi qaydası DƏYİŞDİ

Avtomobillərin Azərbaycana gətirilməsi qaydası   DƏYİŞDİ

Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydaları dəyişib.
 
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu, bu gün  Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"nda dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.
Qaydaya əsasən xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin rezidentlər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 ildən artıq olmayan müddətə icazə verilir və həmin avtonəqliyyat vasitələrinin müvəqqəti qeydiyyat müddəti artırılmır. İndiyə qədər müvəqqəti qeydiyyat vaxtı bitdikdə, avtonəqliyyat vasitələri gömrük ərazisindən geri aparılmalı və ya xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada rəsmiləşdirilməli idi.
Dəyişikliyə əsasən bu sahədə şərtlərin əhatə dairəsi genişləndirilib. Başqa sözlə, avtonəqliyyat vasitəsinin müvəqqəti gətirilmə müddəti bitənədək, avtonəqliyyat vasitəsi tranzit qaydada keçərkən isə 72 saat ərzində aşağıdakı şərtlərdən birinə əməl edilməlidir:
- avtonəqliyyat vasitəsi gömrük ərazisindən geri aparılır;
- Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsulları tətbiq olunur;
- avtonəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanılır;
- avtonəqliyyat vasitəsinin qəza nəticəsində sıradan çıxması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən, avtonəqliyyat vasitəsi üzərinə həbs qoyulduqda isə bu barədə qərar qəbul etmiş dövlət orqanı tərəfindən verilən təsdiqedici sənəd təqdim edilir;
- xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi aparılır.
Avtonəqliyyat vasitəsinin müvəqqəti gətirilmə müddəti bitənədək, avtonəqliyyat vasitəsi tranzit qaydada keçərkən isə 72 saat ərzində avtonəqliyyat vasitəsini müvəqqəti gətirən və ya tranzit qaydada keçirən qeyri-rezident də ölkə ərazisini tərk etdikdə bu şərtlərdən birinə əməl etməlidir. Eyni zamanda bu hallarda avtonəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanıldıqda avtonəqliyyat vasitəsinin gömrük orqanı tərəfindən müəyyən edilmiş yerlərə gətirilməsi və ya daşınması, habelə saxlanması ilə əlaqədar əməliyyatlar gömrük orqanlarının əlavə xərclərinə səbəb olmamalıdır. Müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla gömrük ərazisindən kənara aparılmasına və ya bu qaydaların tələbləri pozulmaqla gömrük ərazisindən kənara aparılmamasına görə qeyri-rezidentlər  İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.
Bu qayda 30 gün sonra qüvvəyə minəcək. 
Xəbər 648 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR