Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və realizə edilməsinin qarşısını alıb. İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında "Samur" Gömrük Postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan yoxlama zamanı avtomobildən 21 600 ədəd siqaret aşkar edilib.
"Xanoba" Gömrük Postunda isə nəqliyyat vasitəsinə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən 8 000 ədəd siqaret aşkar olunaraq götürülüb.
Ümumilikdə 29 600 ədəd siqaretin aşkar edildiyi hər iki fakt üzrə araşdırma aparılır.