Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı çıxış edib.
Millət vəkili bildirib: "Hörmətli sədr, qonaqlar, həmkarlar, media nümayəndələri!
Mən ikinci oxunuşun tələblərinə uyğun olaraq, bir məsələnin üzərində dayanmaq istəyirəm. Ona görə ki, komitə iclaslarında və birinci oxunuşda büdcə zərfi ilə bağlı kifayət qədər çıxışlar etmişəm, fikirlərimi bildirmişəm. Bu, bizim beynəlxalq tədbirlərə ayıracağımız vəsaitin həcmi ilə bağlıdır. Azərbaycanda gələn il beynəlxalq tədbirlərin keçirilməsinə 239 milyon manat vəsait ayrılıb. Bu, elmə ayrılan vəsaitdən 10 milyon manat artıqdır. Çox təəssüf ki, bu beynəlxalq tədbirlərin bir çoxunun effektivliyi çox aşağıdır və bir çox hallarda bu yalnız ölkəmizdə otellərin həm də dəstəklənməsi məqsədi daşıyır. Hesab edirəm ki, hökumət ciddi şəkildə düşünməlidir və onu bu məqam narahat etməlidir ki, məsələn, niyə bu il keçən illə müqayisədə turistlərin sayında 1,7 faiz azalma baş verib? Məsələn, Avropadan gələn turistlərin sayı 21,7 faiz azalıb, Mərkəzi Asiya respublikalarından gələn turistlərin sayında 10 faiz azalma var. Amma qonşu Gürcüstanı götürsək, Gürcüstanda analoji dövrdə, yəni yanvar-sentyabr aylarında turistlərin sayında 6,6 faiz artım olub. Əgər Azərbaycana 2 milyon 171 min turist gəlibsə, bizdən çox kiçik Gürcüstana 4 milyon 307 min turist gəlib, Azərbaycanla müqayisədə 2 dəfədən də artıq.
Hesab edirəm ki, bunun səbəbləri araşdırılmalıdır və Azərbaycan ilk növbədə çalışmalıdır ki, ABŞ, Avropa ölkələri, İran vətəndaşları üçün viza rejimini aradan qaldırsın və eyni zamanda Azərbaycanda böyük bir araşdırılma aparılsın ki, niyə turistlər Azərbaycana gəlməkdən imtina edirlər? Bu, daha çox həm də bizdə xidmətlərin qiymətinin artması ilə bağlıdır. Təyyarə biletləri bahadır, ümumiyyətlə, ictimai iaşə obyektlərində qiymətlər həddindən artıq bahadır və Azərbaycanda ucuz otellər yoxdur. Ona görə də bu, turistlərin sayına birbaşa təsir edir. Yəni hesab etmirəm ki, büdcə hesabına biz otelləri bu formada beynəlxalq tədbirləri keçirməklə dəstəkləməliyik”.
Millət vəkili əlavə edib: "Bu gün Avropanın bir çox inkişaf etmiş ölkələri, çox zəngin ölkələr belə, bu cür bahalı beynəlxalq tədbirlərin keçirilməsindən imtina edirlər. Biz, bəzən mətbuatdan oxuyuruq ki, bizim mərkəzi icra hakimiyyəti orqanları müxtəlif xarakterli tədbirlər keçirirlər, qonaqlar çağırırlar, onlar üçün otellərdə yer kirayə edirlər, restoranlarda onlara yemək təşkil edirlər. Səmimi deyirəm, bu tədbirlərin effektivliyi çox azdır. Əvvəllər bizim torpaqlarımız işğal altında olanda, əlbəttə, hər bir tədbir əhəmiyyətli idi ki, biz orada problemlərimizdən, torpaqlarımızın işğal olunmasından, 1 milyon qaçqınımızdan, Azərbaycana olan ədalətsiz münasibətdən, işğalçı Ermənistanın işğalçı dövlət kimi tanınmamasından və s. haqda danışaq. İndi şükür Allaha ki, torpaqlarımızı işğaldan azad etmişik. Bizim əvvəlki qədər bu cür tədbirlərə ehtiyacımız yoxdur. Ümumiyyətlə, həm də ezamiyyə xərcləri hesab edirəm ki, azaldılmalıdır. Ölkə Prezidenti, onun köməkçiləri, spiker, baş nazir, xarici işlər naziri, bu kimi dövlətin aparıcı şəxsləri istisna olmaqla, mərkəzi icra hakimiyyəti orqanlarının da çoxsaylı xarici səfərləri məhdudlaşdırılmalıdır. Bizim xarici ölkələrdə səfirliklərimiz var. Həmin beynəlxalq tədbirlərdə bizim səfirliyin nümayəndələri iştirak etməlidirlər. Hazırda Qarabağ bərpa olunur, bizim torpaqlarımızın bərpasına, yoxsul əhalinin sosial müdafiəsinin gücləndirilməsinə çox böyük ehtiyacımız var və mən hesab edirəm ki, hökumət mütləq bu məsələləri də diqqətdən keçirəcək.
Sonda hökuməti bir daha çağırıram ki, sərhədlərin açılması məsələsinə bir daha baxılsın. Siyavuş müəllim qeyd etdi, ölkənin daxilində ictimai təhlükəsizlik, dövlət təhlükəsizliyi yüksək səviyyədə qorunur, təmin olunur, müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. Ona görə heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz. Ona görə də biz sərhədləri açmalıyıq ki, ən azı Gürcüstandan olan azərbaycanlılar, İranda yaşayan azərbaycanlılar öz vətənlərinə gələ bilsinlər”.
Xəbər 59 dəfə oxunub.