Avropanı heyran qoyan azərbaycanlı - DANIŞDI

Avropanı heyran qoyan azərbaycanlı  - DANIŞDI

Aktual.az “Həftənin qonağı” rubrikasını təqdim edir. Hər həftənin bazar ertəsi oxucuların görüşünə gələcək rubrikada siz cəmiyyətdə öz mövqeyi ilə seçilən məşhurların fikirləri ilə tanış olacaq, onların dilindən müxtəlif məsələlərə fərqli baxışları eşidəcəksiniz.

Qonağımız Azərbaycanın tanınmış uroloq-cərrahı, Fransa uroloq-uzmanı, Dr. Araz Bayramovdur.

Dosye: Xatırladaq ki, Dr. Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Avropada tətbiq edilən böyrək köçürülməsi əməliyyatlarında iştirak edib. Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji və Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını həyata keçirib. Hazırda Azərbaycan Avropa Tibb Asossiasiyasının sədri və Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvüdür.

- Vaxtaşırı olaraq dövrü mətbuatda və sosial şəbəkələrdə həkim səhvinin qurbanı olan xəstələrlə bağlı informasiyalar alırıq. Doğrudanmı Azərbaycan həkimlərinin peşəkarlıq səviyyəsi bu qədər aşağıdır?

- Çox qəribə presedent yaranıb. Heç bir araşdırma aparmadan, baş verən hadisənin təfərrüatına varmadan bəziləri müxtəlif sahələrdən olan insanlar haqqında əks-kampaniya aparır, kimlərinsə fəaliyyətinə qara yaxmağa çalışırlar. Heç şübhəsiz bütün dünyada olduğu kimi, Azərbaycanda da həkim səhvinin qurbanı olan xəstələr var. Lakin onların sayı heç də şişirdildiyi kimi çox deyil. Və ya birmənalı şəkildə iddia etmək ki, hansı cərrahın əməliyyatı zamanı xəstə həyatını itirdisə, həmin həkim peşəkar sayılmır, onu topa tutmaq lazımdır və s., bu düzgün yanaşma deyil. Əvvəlcə ölümün baş vermə səbəbi araşdırılmalıdır. Fransada çalışdığım illər ərzində dəfələrlə analoji vəziyyətlərlə üzləşmişik. Əməliyyat öncəsi müayinələrdən “yaxşı” keçən xəstələrin bəzilərində sonradan müəyyən problemlər ortaya çıxır. Tibbdə buna “embolism” deyilir. Bir çox hallarda jurnalist dostlarımız bu kimi hallardan mətbu orqanın oxunma sayını artırmaq üçün istifadə edirlər. Hesab edirəm ki, Azərbaycanda həkimlərin peşəkarlıq səviyyəsi qənaətbəxşdir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, vaxtilə Avropada, Türkiyədə çalışmış , müasir dəyərləri əzx edən həkimlərin perşəkarlıq səviyyəsi yüksəkdir. İstənilən diskusiyada fikirlərimi əsaslandırmağa, konkret dəlillər gətirməyə hazıram.

- Sizcə, bu kimi halların baş verməməsi, cəmiyyətdə bu səpkili ajiotajların yaranmaması üçün nə etməliyik?

- İlk növbədə vahid tibb protokolların tətbiqinə nail olmaq lazımdır. Bu nədir? Avropada istənilən bir tibbi problemə yanaşmada protokollarda (“guidelines”) nəzərdə tutulan müayinə və müalicələr həyata keçirilir. Məsələyə hansısa bir həkimin şəxsi mülahizəsi əsasında deyil, konkret tibbi protokollarda qeyd olunan dəlillər əsasında yanaşırlar. Məsələn, qanın laxtalanma sistemində problemi olan xəstəyə əməliyyat öncəsi qan durulducu dərmanlar mütləq təyin olunmalıdır. Həkim buna diqqətsiz yanaşarsa, əməliyyat zamanı və əməliyyat sonrası tromboz və ya embolizmdən ağırlaşmalar yarana və xəstə həyatını itirə bilər. Bu günlərdə bizim təcrübəmizdə belə xəstə oldu və biz ona əməliyyat öncəsi qan durulducu dərmanları təyin etdik. Prostat xərçəngindən əziyyət çəkən xəstə heç bir ağırlaşma olmadan bu ağır problemdən xilas oldu. Bütün hallarda kiməsə qarşı kampaniya aparılırsa, istər həkim olsun, istər müəllim, istərsə də digər sahənin mütəxəssisləri, ən azından ədalət hissini itirməmək lazımdır. Son günlərin əsas mövzularından olan Rövşən Lənkəranskinin bir gün sonra xəstəxanada vəfat etməsinə onda belə ad qoyaq ki, türk həkimlər səhv edib?!


- Rövşən Lənkəranskidən söz düşmüşkən, ona münasibətdə cəmiyyətin fikirləri haçalanır. Siz ona “yaşıl”, yoxsa “qırmızı işıq” yandıranların yanındasınız?

- Bütün həyatım boyu kriminal müzakirələrə azacıq da olsa həvəsim olmayıb. Hesab etmişəm ki, hər bir dövlətin bir qanunu var və hamı O qanuna tabe olmalıdır. Bu mənada kriminal səpkili müzakirələri qəti şəkildə rədd edirəm. Amma bir məqam var ki, bu gün həbsxanaların sayı da az deyil. Əgər onminlərlə cinayət törətmiş şəxs məhbus həyatı yaşayırsa və nəzərə alanda ki, onlar da bizim vətəndaşlarımızdır, həbsxanalarda məhbusların özlərinin birləşməsi təbiidir. Bu həm də daxili intizamsızlıq və xaosun qarşısını alır. Rövşən Lənkəranskini şəxsən tanımıram. Eşitdiyimə görə, Rusiyada, postsovet məkanında müəyyən əlaqələrə malik şəxs olub. Öz imkanlarından soydaşlarımızın xeyrinə istifadə edib. Bunu ancaq alqışlamaq lazımdır. Allah Rəhmət Eləsin! Daha onun haqqında müsbət söz deyənləri qaralamağa, dekorativ intellektuallıq azarına gərək yoxdur.


- Avropada təhsil almış bir mütəxəssis kimi xaricdə təhsil alan gənclərin peşəkarlıq səviyyəsi sizi qane edirmi?

- Ölkəmiz Avropaya inteqrasiya yolu götürübsə, gənclərimizin xaricdə təhsil alması qaçılmazdır. Hətta deyərdim ki, çox vacibdir. Avropa bu sahədə böyük yol keçib. Avropa dəyərlərini Azərbaycana gətirmək ilk növbədə ölkə vətəndaşlarının maraqlarına xidmət edir. Eyni zamanda müasir tibbdə əldə olunan yeniliklərə intreqrasiya baxımından da bu çox vacibdir. Qürurla deyə bilərəm ki, Azərbaycandan Avropaya oxumağa gedən ilk tələbələr arasında yer alıram. Avropa bizə çox şey öyrətdi. Xəstələrlə intizamlı rəftarı, onlara peşəkar yardım göstərməyi, müasir yenilikləri tətbiq etməyi, “Medical Managment” sistemli tibbi xidməti və s. Məhz Avropada təhsil aldığımız və çalışdığımız dövrün nəticəsidir ki, bu gün Azərbaycanda xəstələrə etibarlı və keyfiyyətli tibbi xidmət göstəririk. Çox istərdim ki, təkcə özəl deyil, dövlət səhiyyə müəssisələrinin idarə olunmasında da qərb təhsilli kadrların potensialından istifadə olunsun. Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri olaraq Avropa tibb təhsilli üzvlərimizə birgə Azərbaycan səhiyyəsinin Avropaya inteqrasiyası istiqamətində fəaliyyətimizi bu gün də davam etdiririk.


- Bildiyimiz qədər öz üzərinizdə işləyən adamsınız. Dr. Araz Bayramov hazırda hansı yeni layihələr üzərində işləyir?

- Prostat adenoması və şişləri, böyrək daşları və şişləri, kişi sonsuzluğu və kişi sonsuzluğunun əsas səbəbkarı varikosel, Peyroni xəstəliyi (cinsiyyət üzvünün əyriliyi), androloji-plastik əməliyyatlar tərəfimizdən icra olunur. Laporoskopik, endoskopik, mikroskopik üsullarla ən son uroloji-androloji əməliyyatları həyata keçiririk. Eyni zamanda xəstəxana idarəçiliyi (“Medical Managment”) sahəsində yenilikləri ölkəmizə gətirməyi planlaşdırırıq. Əsasən xəstələrin düzgün izlənilməsi, əməliyyat öncəsi və sonrası tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, “Medical leaderships”in tətbqi üzərində işləyirik. Almaniyanın Komputerləşdirilmiş Diaqnostika Mərkəzi ilə müqavilə əsasında fəaliyyət göstəririk. Ən son müasir yanaşmamız prostat xərçəngi şübhəsi olan, xüsusən PSA yüksələn xəstələrdə transrektal yolla ultrasəs müayinəsi ilə şübhəli prostat vəzinin hissələrindən iynə biopsiyasının həyata keçirilməsidir. Bu üsulun üstünlüyü prostat xərçəngini erkən aşkarlaması və onu blok şəklində tam aradan qaldırmaqla prostat xərçəngindən azad etməsidir.

// Fəridə İmanova, Aktual.az

Xəbər 36521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR