Riqa Sammitində hüquq müdafiəçisi Əhməd Şahidov və Avropa Şurası Ali Komissarı Nil Muyjnieks arasında maraqlı dialoq olub.
Latviyanın paytaxtı Riqa şəhərində Şərq Tərəfdaşlığı üzrə Media Konfransə çərçivəsində çıxış edən Avropa Şurası İnsan Haqları üzrə Ali Komissarı Nil Muyjnieks Azərbaycan üzərində xüsusi dayanaraq, rəsmi Bakını sərt tənqid edib.
Cənab Nil Muyjnieks Azərbaycanda baş verən hadisələr barədə kifayət qədər məlumatlı olduğunu deyərək, rəsmi Bakını daha məsuliyyətli olmağa çağırıb.
Şərq Tərəfdaşlığı üzrə Media Konfransında iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov məsələ ilə bağlı cənab Nil Muyjnieksdən Azərbaycanla bağlı fikirlərinə aydınlıq gətirməsini istəyib. Avropa Şurası Ali Komissarı azərbaycanlı hüquq müdafiəçisi ilə söhbətində yenidən öz fikirlərini təkrar edib.
ADİHİ rəhbəri Əhməd Şahidovun Dağlıq Qarabağ konfliktindən əziyyət çəkən bir milyon Azərbaycan vətəndaşının hüquqları, habelə kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə verdiyi suala cavab verməkdə çətinlik çəkən AŞ rəsmisi bu barədə məlumatının olmadığını deyərək, bunu “siyasi məsələ” adlandırıb və özünün siyasətçi deyil, insan haqları üzrə ali komissar olduğunu deyib. Cənab Nil Muyjnieksin fikirlərini ikili standart adlandıran Əhməd Şahidov ilə AŞ rəsmisi arasında maraqlı dialoq olub.