Azər Niftiyev
Əlahəzrət mistika adamın beynini qarışdırır: Qəddafiyə qarşı ilk bəyanat 10 sentyabrda verilib, Saakaşvilinin üzərindən dəmir əl 10 sentyabrda götürülüb, İŞİD ilk qətlini 10 sentyabrda törədib, Rusiyaya yönəlik ilk iqtisadi embarqo 10 sentyabrda qoyulub... Avropa Parlamenti Azərbaycanla bağlı məlum qətnaməni də məhz bu gündə qəbul edib.
Böyük siyasətdə təsadüf olmur və heç şübhəsiz Azərbaycanın dünyada artan rolu fonunda məlum qətnaməni də təsadüfi siyasi gediş saymaq olmaz.
Amma bu yazıda “Qətnamə niyə qəbul olundu və hansı məqsədlərə xidmət edir?” sualına yox, qətnamədə əksini tapan məqamlara işıq salmağa çalışacağıq.
Qətnamədə qeyd olunur ki, Azərbaycanda insan hüquqları pozulur.
Bəli, 22 ildən artıqdır ki, bir milyondan artıq Azərbaycan vətəndaşının hüquqları pozulur. BMT-nin bununla bağlı çoxsaylı qətnamələri var və yerinə yetirilmir.Amma Avropa Parlamentinin buna etiraz olaraq ortaya qoymuş olduğu ciddi mövqeyinə rast gəlmirik.
Ermənistanda insanlar kütləvi şəkildə ölkədən qaçırlar. Erməni müxalifətinin təmsilçiləri Azərbaycandan siyasi sığınacaq istəyirlər. “İslahatların vacibliyindən danış, amma islahatlara çox da aludə olma” tezisini rəhbər tutan qərblilər erməni lobbisinə bağlı bir-iki səsə görə, buna ehtiyac duymurlar. Axı, bəzən bir səs də həlledici olur.
Qətnamədə daha sonra iddia olunur ki, Azərbaycanda söz azadlığı pozulur.
Bəli, bu gün Azərbaycanda bəzi jurnalistlər (Əgər onlara emissar yox, jurnalist demək mümkündürsə) bütün fəaliyyətlərini dövlətçiliyə qarşı yönəldir və sanki bundan ləzzət alırmış kimi, paralel olaraq qanunları da pozurlar. Vətəndaşın düzgün informasiya almaq hüququ tapdalanır, oxucuya saxta rəy ötürülür, amma buna görə, onlara “gözün üstə qaşın var” deyən yoxdur. Kimsə vergidən yayınırsa, ölkə qanunlarını pozursa, müxalifətçidir deyə, ona göz yumulmalıdır? Və ya hansı Avropa ölkəsində buna göz yumurlar? Bu söz azadlığının pozulmasıdırmı, cənab parlamentarilər? Bəlkə Avropa öz emissarlarına toxunulmazlıq hüququ vermək istəyir? Yoxsa dünyaya mesaj verirlər ki, bizim yanımızda olan, sifariş və təlimatımıza uyğun hərəkət edən dəstə və bu dəstənin üzvləri məsuliyyətdən azaddırlar.
Qətnaməyə nəzər salanda aydın şəkildə görmək olur ki, burada əksini tapan məqamlar Avropa Parlamentinin özünü ifşa edir. Yəqin ki, bundan sonra çox belə qətnamələr qəbul olunacaq. Çünki Azərbaycan inkişaf edir, müstəqil siyasət yürüdür, güc mərkəzinə çevrilir. Bu isə Cem dayıların xoşuna gəlmir. (trend.az)