"Bəzi dairələr cidd-cəhdlə Avropa Oyunlarını siyasiləşdirməyə çalışırlar. Bunun acısını təkcə Azərbaycan deyil, bütün Avropanın idman cəmiyyəti çəkəcək".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.
Ə.Həsənov deyib ki, son zamanlar Azərbaycanın yürütdüyü müstəqil siyasətə fərqli subyektiv mülahizələrlə yanaşan qüvvələr belə antiazərbaycan platforması formalaşdırıblar və sistemli şəkildə antiazərbaycan fəaliyyətlərini yönəldirlər:
"Biz bunu ayrı-ayrı beynəlxalq təşkilatların fəaliyyətində müşahidə edirik. Biz bu işlərə təmkinlə yanaşırıq. Öz müstəqil iradəmizlə hərəkət eməyə çalışırıq, Azərbaycanın doğru yolda olduğunu dünyaya çatdırmağa çalışırıq. Bu yol Avropa ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlərin qurulması yoludur, regionda sivil və müstəqil siyasətin aparılmasıdır və bundan da çəkinmək fikrimiz yoxdur. Biz antiazərbaycan kampaniyasına görə təəssüf edirik və həmin dairələri nə qədər gec deyil bu kampaniyadan çəkinməyə çağırırıq".
“Amnesty İnternational təşkilatı adından heç kim Azərbaycana daxil olmaq üçün müraciət etməyib. Bu təşkilatdan kimsə Avropa Oyunları ilə bağlı akkreditasiyadan keçməyib”- deyən Ə. Həsənov bildirib ki, Amnesty İnternational təşkilatının nümayəndəsi olaraq Azərbaycana gələcək şəxslərlə bağlı nə Olimpiya Komitəsinə, nə də Xarici İşlər Nazirliyinə müraciət olmayıb:
“ Araşdırmalarımız zamanı bəlli olub ki, bu təşkilatın bəzi mütəxəssisləri dolayı yollarla Azərbaycana daxil olmaq istəyiblər. Yəni onlar rəsmi olaraq təşkilat adından müraciət edərək deyil, dolayı yolla, məsələn, müxtəlif qəzet və jurnalların nümayəndəsi kimi ölkəyə daxil olmağa cəhd göstəriblər. Ona görə də Amnesty İnternational adından yayılan bəyanatın əsası yoxdur”.
Aktual.az