“I Avropa Oyunları Azərbaycana nə verəcək?” – Jurnalistlərin cavabları
“İstənilən beynəlxalq tədbirin ölkə üçün əhəmiyyətini qiymətləndirmək üçün xeyirli və xeyirli olmayan cəhətləri tərəzinin gözünə qoyub hesablamaq lazımdır. Bu baxımdan hesab edirəm ki, I Avropa Oyunlarının Azərbaycana verəcəyi çox şey var. Düzdür, verəcək deyəndə bizim vətəndaşlar daha çox maddiyyatı hesablayır, amma burada söhbət ölkəni təbliğ etmək, onun uğurlu piarını qurmaqdan gedir”.
Bu fikirləri teletənqidçi, tanınmış jurnalist Qulu Məhərrəmli AzNews.az-a I Avropa Oyunları ilə bağlı fikirlərini bölüşərkən deyib. Onun sözlərinə görə, təbliğat və piar baxımından I Avropa Oyunlarının üstünlükləri var: “Bu gün dünyanın iri telekanallarının ekranlarında Azərbaycanı, Bakını tez-tez göstərirlər, Euronews kimi TV günaşırı bizdən bəhs edir. Əlbəttə, bununla qürurlanmaq lazımdır. Xatırlayıram ki, 7-8 il əvvəl Vyanada açıq havada qurulmuş iri monitorda adamlar pivə, kofe içə-içə Eurosport kanalının Quba Olimpiya Kompleksindən canlı yayım etdiyi voleybol yarışına baxırdılar və şərhçi tez-tez Azərbaycanın adını çəkirdi. Əlbəttə, belə epizodlar adamı sevindirir, indi təsəvvür edin ki, belə yayımlar təkcə voleyboldan deyil, neçə növ yarışlardan və həm də təkcə Vyanada deyil, bütün Avropa şəhərlərində gerçəkləşəcək. Ona görə də Avropa Oyunlarını ölkəmizi tanıtmaq baxımından bizə çox şey verəcəyi fikrindəyəm”. 
APA İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızı da hesab edir ki, Avropa Oyunları Azərbaycan üçün əvəzsiz piar imkanıdır: “Bu oyunların keçirildiyi müddətdə və ümumiyyətlə bu il ərzində Azərbaycan dünya mediasının gündəmində olub, sosial şəbəkələrin əsas trendinə çevriləcək. Oyunlar zamanı Bakıya gələn qonaqlar, eyni zamanda ölkəni izləyənlər görəcəklər ki, burda multikultural dəyərlərə malik, hər kəsə hörmətlə yanaşan bir ölkə var. Burda istənilən dinin və irqin nümayəndəsinə, istənilən millətə hörmətlə yanaşılır, azərbaycanlıların birgə yaşayış ənənələri mövcuddur. Bu isə bədnam qonşularımızın Dağlıq Qarabağ problemi ilə bağlı illərdir ki, apardıqları anti-təbliğata verilən ən yaxşı cavab olacaq. Avropa Oyunları, həmçinin Azərbaycanın turizm pasportudur. Bizim hər bir vətəndaşımız da bu oyunların təbliğinə elə bu baxımdan yanaşmalı, turist cəlb olunması, gələcəkdə də daha çox turistin ölkəyə gəlməsi üçün yaxşı bir vasitə olduğunu düşünməlidir. Turist isə ölkənin müxtəlif təbəqələrinin pul qazanması, iqtisadi imkanlarını artırması deməkdir. Bu baxımdan Avropa oyunlarının Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dvidenti var. Bu, eyni zamanda bizim mədəniyyətimizi, mətbəximizi, ənənələrimizi və tariximizi təbliğ etmək üçün çox ciddi imkandır. Azərbaycanda hər yerdə azad internet imkanı var, heç bir sosial şəbəkəyə qadağa qoyulmayıb, qadınlar kifayət qədər azaddırlar, cəmiyyətdə aktivlikləri yüksəkdir, hətta kənardan gələn insan belə insanlar gecə saatlarına qədər şəhərdə rahat dolaşır, kriminal və küçə cinayətkarlığı çox aşağı həddədir. Bunu hər bir gələn turist özü hiss edəcək. Bu isə Azərbaycanda insan haqları ilə bağlı deyilənlərə ən tutarlı cavab olacaq”. 
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay bildirir ki, I Avropa Oyunları əsasən ölkənin imicinin formalaşmağına xidmət edir: “Belə yarışlar həm idmanın, həm də iqtisadiyyatın göstəricilərinə təsir edəcək. İlk növbədə turist axını çoxalacaq”. 
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini böyük hadisə adlandırıb: “Belə tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın imicinə xidmət edəcək, ölkəmizin təbliğatına şərait yaradacaq mühüm amildir. İştirakçı idmançılar, qonaqlar, jurnalistlər ölkəmizi öz gözləri ilə görə biləcək. Və əminəm ki, yüksək təəssuratla qayıdacaqlar. Bu qədər çoxsaylı əcnəbini ölkəmizə cəlb etmək adi vaxtda müşkül olardı və illər tələb edərdi. Bu baxımdan da Avropa Oyunları həm də əvəzsiz fürsətdi. Müasir stadionlar, oyunların təşkilinin yüksək səviyyəsi də qonaqları heyran qoyacaq. Xalqımızın qonaqpərvərliyi isə unudulmaz xatirələr yaradacaq. Mən özüm də çalışacam ki, həmkarlarımla birgə oyunları stadionlarda izləyim və həyəcanı yaxından hiss edim”.
“Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz bildirir ki, belə tədbirlər Azərbaycana çox böyük divident gətirəcək: “Ölkəmiz daha da tanınacaq. Ən əsası isə I Avropa Oyunları gənc nəslin pis vərdişlərdən əl çəkib sağlam həyat tərzi sürməsinə, idmanla məşğul olmasına örnək olacaq”.