Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakinləri Sənan Quliyev və Mövlud Səfərovun CM-nin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirilməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu qəsdən öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq, silhadan və ya silah qismində istifadə ədilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə məhkəmə prosesi yekunlaşıb.
Aktual.az xəbər verir ki, 2015-ci il aprelin 22-də DİN-i "Avropa" otelində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. Məlumata görə, ayın 21-də Nəsimi rayonu ərazisində yerləşən "Avropa” otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova (1987-ci il təv.) və Ruslan Əfəndiyevə (1971-ci il təv.) bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib. Nəticədə Məmmədov hadisə yerində ölüb, Əfəndiyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Nəsimi RPİ Cinayət-axtarış şöbəsi və 20-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri ilə hadisənin Sənan Quliyev tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub. Ayın 23-də cinayətin törədilməsində iştirak etmiş Mövlud Səfərov saxlanılıb.
İstintaqla müəyyən edilib ki, aprelin 21-i axşam saat 19 radələrində Sənan Quliyevlə Mövlud Səfərov idmanla məşğul olmaq üçün "Avropa” otelinin idman klubuna gəliblər. Onlar klubun nəzarət-qeydiyyat yerində ödəniş etdikdən sonra, soyunub-geyinmə zalında paltarlarını dəyişib ümumi zala daxil olublar. Döşəməyə sərilmiş idman döşəyinin üzərinə sanitariya və gigiyena qaydalarına zidd olaraq ayaqqabı ilə çıxdıqlarına görə, ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar onlara irad bildirən klubun üzvləri Ceyhun Nağıyev, Azər Məmmədov və Ruslan Əfəndiyevlə aralarında mübahisə yaranıb. Sənan və Mövlud, onlara tutulan iradları özlərinə təhqir kimi qəbul ediblər, saat 20-dək idmanla məşğul olublar. Sonra paltarlarını geyinib zalı tərk ediblər və qeydiyyat-nəzarət yerinə gəliblər. Səfərov soyunub-geyinmə zalındakı şkafda açarı qaldığına görə, onu götürmək üçün geri qayıtıb və açarı götürüb qayıtdığı zaman, dəhlizdə Ruslan Əfəndiyevi görüb. Ondan polis əməkdaşı olub-olmadığını soruşduqda, sonuncu polis olmadığını bildirib. Aqressiv hərəkətlərini davam etdirən Mövlud Ruslanı nəlayiq sözlərlə təhqir edib, yumruq zərbələri endirməyə cəhd etsə də, Əfəndiyev həmin zərbələrdən yayınıb. Səs-küyə Sənan Quliyev də həmin yerə gələrək söyüş söyməyə başlayıb, əlbəyaxa olaraq bir-birilərini itələyə-itələyə dəhlizlə klubun çıxışındakı nəzarət yerinin qarşısına hərəkət ediblər. Hadisəni görən Azər Məmmədov, Ceyhun Nağıyev və Emin Həsənov ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar mübahisəni sakitləşdirib Quliyevi və Səfərovu klubdan çıxarmaq istədikləri vaxt, Sənan silah qismində istifadə etdiyi əlindəki bıçaqla birinci zərbəni Ceyhun Nağıyevi endirib. Sonuncu hadisə yerindən dəhlizə tərəf qaçıb, bu ərəfədə Mövlud Azər Məmmədovun müqavimətini qıraraq arxadan əllərini tutub, o isə kəsici alətlə Azər Məmmədovun döş qəfəsinə ağır dərəcəli bədən xəsarətləri yetirib. Bununla da, Quliyev Məmmədovu qəsdən öldürüb. Daha sonra, o bıçaqla Ruslan Əfəndiyevə xəsarətlər yetirib. Onların əməlləri nəticəsində idman klubunun iş rejimi pozulduğuna görə, gün ərzində fəaliyyəti dayandırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Quliyev ömürlük, Mövlud Səfərov 20 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Hökmdən məhkumlar apellyasiya şikayətləri veriblər.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırıb onların şikayətlərini təmin etməyərək, birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Aktual.az
Xəbər 884 dəfə oxunub.