Latviyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində ötən həftə bu ölkənin paytaxtı Riqa şəhərində "Şərq tərəfdaşlığı" sammiti keçirilib. İki gün davam edən tədbirdә Azərbaycanı xarici işlәr naziri Elmar Mәmmәdyarov və Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov təmsil ediblər. Sammitdә "Şərq tərəfdaşlığı" layihәsi ilә bağlı bugünkü vәziyyәt, gәlәcәk perspektivlәr müzakirә edilib, bir sıra məsələlərin öz əksini tapdığı yekun bəyanat qəbul olunub.
Riqa sammiti, Avropa İttifaqı ölkələrinin ikili standartları, Azərbaycana münasibət, Rusiyanın keçmiş ittifaq ölkələrinə təsiri və sair məsələlərlə bağlı "Kaspi"nin suallarını Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov cavablandırır.
- Elman müəllim, Riqa sammitinin yekunlarını necə qiymətləndirirsiniz?
- Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı 2009-cu il mayın 7-də Praqada irəli sürülüb. Bu proqramda ilk növbədə siyasi baxımdan assosiativlik, iqtisadi baxımdan isə inteqrasiya məsələləri qeyd olunub. "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində dövlətlərə 4 istiqamətdə əməkdaşlıq imkanları təqdim edilib. Bunlar demokratiya və hüquqi institutların inkişafı, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və insanlar arasında əlaqələr - viza rejiminin sadələşdirilməsi və ləğvi məsələləridir. Heç şübhəsiz, mayın 21-22-də Latviyada keçirilən sammitdə diqqət mərkəzində saxlanılan ilk məsələ 6 "Şərq tərəfdaşlığı" ölkəsinin Ukrayna böhranı ilə əlaqədar mövqeyi oldu. Onların bu hadisəyə münasibətdə davranışı bir daha təsdiq olundu. Ermənistan və Belarus Krım Muxtar Respublikasının Rusiya tərəfindən ilhaq edilməsinə fərqli münasibət sərgilədilər. Ancaq sonda belə qənaətə gəlindi ki, "Şərq tərəfdaşlığı" ölkələrinin ötən ilin mart ayında BMT Baş Məclisində səsvermə zamanı tutduqları mövqe əsas götürülsün. Həmin vaxt da 100 dövlət Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə, Rusiyanın əleyhinə olan bir sənədi dəstəklədilər. Cəmi 11 dövlət bu sənədin əleyhinə oldu ki, onlardan da ikisi Ermənistan və Belarus idi. Ötən həftə keçirilən sammit çərçivəsində əsas müzakirə edilən məsələlərdən biri də viza rejiminin ləğvi idi. Söhbət 2014-cü ildə Avropa İttifaqı ilə Assosiativ sazişə imza atan Ukrayna, Moldova və Gürcüstana münasibətdə viza rejiminin ləğvindən gedir. Amma sammitin gedişində məlum oldu ki, Avropa İttifaqı ölkələri hələlik belə bir addım atmağa hazır deyillər. Ən yaxşı halda bu, 2016-cı ildə reallaşa bilər. Riqa sammitində Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına qəbul ediləcəyi vaxt da müəyyən edilmədi. Rəsmi Bakını sammit çərçivəsində ən çox narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə xüsusi bəndin yekun bəyanata daxil edilməsi, həmin sənəddə Azərbaycanın mövqeyinin müdafiə olunması və münaqişənin yalnız BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi əsasında həlli məsələləri idi. Lakin təəssüflə qeyd etməliyəm ki, Avropa İttifaqı bu məsələyə münasibətdə ikili standartlar siyasətini tətbiq etdi. Onlar çalışırdılar ki, bu 4 qətnamənin adı hazırlanan yekun bəyanatda öz əksini tapmasın. Ona görə də Azərbaycan tərəfi yekun sənədi imzalamaqdan imtina etdi. Ancaq xarici işlər nazirimizin apardığı danışıqlar nəticəsində belə bir kompromis variant razılaşdırıldı ki, Azərbaycanın yekun sənədə imza atması müəyyən şərtlərlə mümkündür. Həmin şərtə uyğun olaraq, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ölkəmizin mövqeyini ifadə edən bəyanatı Avropa İttifaqına göndərib. Həmin sənəd sammitdə imzalanan yekun bəyanata əlavə kimi qəbul ediləcək. Bu, Azərbaycanın mövqeyinin qəbul edilməsi, onun da maraqlarının təmin edilməsi deməkdir.
- Yekun sənəddə yer alan bəndlərdə Azərbaycanın ərazi bütövlüyünə hörmət, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək, ölkəmizin milli maraqlarına söykənən müstəqil siyasətimizə dəstək də öz əksini tapıbmı?
- Riqa bəyannaməsinin 3, 5, 24 və 28-ci maddələrində sadalanan məqamlar açıq şəkildə diqqətə çatdırılır. 3-cü maddədə qeyd edilir ki, Avropa İttifaqı bütün tərəfdaş dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə münasibətdə öhdəliyinə sadiqdir. Yəni Avropa İttifaqı tərəfdaş dövlətlərdən biri kimi Azərbaycanın da ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edir. Bu, olduqca vacibdir. 3 Şərqi Avropa dövlətinin - Ukrayna, Belarus və Moldovanın, 3 Cənubi Qafqaz dövlətinin - Azərbaycan, Gürcüstan və Ermənistanın sərhədlərinin toxunulmazlığı, onların müstəqilliyi və suverenliyi prinsipinin tanındığı etiraf olunub. Burada millətlərin öz müqəddəratını təyin etmə prinsipinin adı çəkilməyib. Ayrıca şəkildə ərazi bütövlüyü prinsipi qeyd olunub. Eyni zamanda, bəyanatın 3-cü bəndində 1975-ci il Helsinki Yekun Aktı və 1990-cı il ATƏT-in Paris Xartiyası, eləcə də BMT Nizamnaməsinin prinsip və müddəalarına tam sadiqlik ifadə olunub. Xatırladım ki, 1975-ci il Helsinki Yekun Aktı, Paris Xartiyası və BMT Nizamnaməsi dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzü, güc tətbiq edərək ərazilərin əldə edilməsini qəbuledilməz hesab edir və ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını təsbit edir. Riqa bəyannaməsinin 5-ci maddəsində regionda olan münaqişələrin ən tez zamanda beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanır. ATƏT-in Minsk Qrupu, eləcə də prezidentlər səviyyəsində olan səylərə və 2009-cu ildən qəbul olunmuş qətnamələrə tam dəstək ifadə olunur. 2009-cu ildən etibarən ATƏT-in Minsk Qrupu tərəfindən qəbul edilmiş qətnamələrdə isə əsasən mövcud status-kvonun qəbuledilməzliyi vurğulanır. Mövcud status-kvonun əsasını isə işğal və təcavüz təşkil edir. Onun dəyişdirilməsi üçün ilk növbədə işğal və təcavüz aradan qaldırılmalıdır. Bəyannamənin 24-cü bəndində Azərbaycanda ilk dəfə keçiriləcək I Avropa Oyunlarının əhəmiyyəti də vurğulanıb. 28-ci bənddə isə "Cənub qaz dəhlizi"nin həyata keçirilməsində və Cənubi Qafqaz boru kəmərinin genişlənməsində, eləcə də TAP və TANAP layihələrinin icrasında Azərbaycanın rolu qeyd edilib. Bütün bunları nəzərə alsaq, əminliklə demək olar ki, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Riqada keçirilən sammit Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi baxımından kifayət qədər əhəmiyyətlidir.
- Ukraynada olduğu kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində də separatçılıq baş verib, ölkəmizin ərazisinin bir qismi işğal olunub. Belə olduğu halda Avropa İttifaqının eyni hadisəyə fərqli baxışı nədən irəli gəlir?
- Ukrayna böhranı, Krımın ilhaqı və bununla bağlı digər məsələlərdə Avropa İttifaqı ölkələri, Avropa Parlamenti, Avropa Komissiyası kifayət qədər çevik reaksiya sərgiləyirlər. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı eyni yanaşmanı biz onlarda görmürük. Avropa İttifaqı rəsmiləri Dağlıq Qarabağ problemini "dondurulmuş", Ukrayna ilə bağlı eyni hadisəni isə "dondurulmamış" münaqişə hesab edirlər. Bundan başqa, Donetsk və Luqansk separatçılarına sanksiyalar tətbiq edilir, onların Qərb ölkələrinə, xüsusən də Avropa İttifaqı ölkələrinə girişi qadağan edilir. Lakin Dağlıq Qarabağ separatçılarının lideri ABŞ-a, Fransaya səfərlər edir, hətta Ermənistanın hərbi-siyasi dəstəyi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü pozaraq, separatçılıq nəticəsində yaratdıqları qondarma respublikanın ayaqda durması üçün ianələr toplayır. Təbii ki, bu, bir qədər əvvəl də qeyd etdiyim kimi, ikili standartların tətbiqindən irəli gələn münasibətdir.
Aktual.az